Saat 12:00-da 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Azərbaycan ərazisində nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılıb, Bakı buxtasındakı gəmilər, qatarlar fit verib.
20 Yanvar – Ümumxalq Matəm Günü münasibətilə Azərbaycanın xarici diplomatik korpuslarında, dövlət qurumlarında, hərbi hissələrində və gəmilərdə dövlət bayraqları endirilib.
Bu gün 20 Yanvar faciəsinin törədilməsindən 26 il keçir.
26 il qabaq Azərbaycan xalqı 70 il öncə – 1920-ci ildə əlindən alınmış istiqlaliyyətini bərpa etmək uğrunda ilk addımını atdı və bu istəyindən geri çəkilməyəcəyini, bu müqəddəs amal uğrunda hətta canından belə keçməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirdi.
Bu qəhrəmanlıq addımı elə də ucuz başa gəlmədi – 1990-cı il yanvarın 20-də süquta uğrumaqda olan sovet imperiyası xalqımıza qarşı amansız cinayət törətdi. Həmin gün 130-dan çox dinc insanın xüsusi qəddarlıqla qətlə yetirildi, 1000-ə yaxın insan yaralandı.