“Qanunvericiliyə şəhidlərə toxunulmazlıq statusu verilməsi ilə bağlı əlavə edilməsi çox yaxşı olardı”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Fuad Rəsulzadə adlı şəxsin şəhid Xudayar Yusifzadəni sosial şəbəkədə təhqir etməsinin cinayət məsuliyyəti yaradıb-yaratmadığını dəyərləndirən tanınmış hüquqşünas İradə Cavadova səsləndirib.
İradə Cavadova qeyd edib ki, qanunvericilikdə sırf təhqirlə bağlı ciddi maddə yoxdur:
“Təbii ki, məsuliyyət daşıyır, ancaq şəhidləri aşağılamağın mənəvi məsuliyyəti, cinayət məsuliyyətindən qat-qat çoxdur. Qanunvericilikdə sırf təhqirlə bağlı ciddi bir maddə yoxdur. Şəhidi təhqir edən şəxsə qarşı ictimai qınaq cinayət məsuliyyətindən daha ağır olur.
Kimsə təhqir edilibsə. onun ekspertizası təyin olunmalıdır və ekspert müəyyən etməlidir ki, işlədilən ifadə şəxsin şərəf və ləyaqətini alçaldan ifadədir, ya yox. Leksikon yoxlanılır, filoloji tərəf araşdırlır. Məhkəmə prosesi belə həyata keçirilir”.
Müsahibimiz şəhidlərin təhqirinə yol verilməsinin qarşının alınması ilə bağlı qanunvericiliyə müvafiq dəyişiklik və əlavələr edilməsinin vacibliyini də vurğulayıb:
“Qanunvericilikdə belə boşluqlar var. Qanunvericiliyə şəhidlərə toxunulmazlıq statusu verilməsi məsələsi ilə bağlı əlavə edilməsi çox yaxşı olardı. Həssas dönəmdən keçirik. Gənclərimiz çox emosionaldırlar. Şəhidlərimizə qarşı belə ifadələrin işlədilməsi də düzgün deyil.
Buna görə də qanunvericilikdə şəhidlərin, veteranların, qazilərin təhqir edilməsi ilə bağlı qanun layihəsinin hazırlanması yerinə düşərdi. Bununla da təhqirə yol verən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi bu kimi halların qarşısının alınmasında çox böyük rol oynaya bilər”.
Aqil Bəkir