Səhiyyə Nazirliyi bir çox sosial şəbəkələrdə, o cümlədən “whatsapp”da əhalinin istifadə etdiyi dərman preparatı haqda yayılan məlumatlara münasibət bildirib.
Nazirliyin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, yayılan şəkildə bu dərmanın insan orqanizmi üçün zərərli olduğu, hətta ölümə səbəb ola biləcəyi göstərilib.
Bildirilib ki, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi məsələyə aydınlıq gətirib: “Belə ki, Azərbaycan Respublikasında İsrail istehsalı olan “Paracetamol 500” qeydiyyata alınmayıb və idxal olunmayıb. İdxal olunan paracetamol tərkibli (Paracetamol 500mg) dərman vasitələri bunlardır: Paracetomol Sofarma- “Sofarma” SC, Bolqarıstan (tablet), Parasetamol – Tatximfarmpreparati ASC, Rusiya Frderasiyası (tablet), Parasetomol – Farmstandart-Leksredstva ASC, Rusiya Federasiyası (tablet), Efferalqan – Bristol-Mayers Skvibb, Fransa (fışıldayan tablet), Panadol – QlaksoSmitKlayn Konsyumer Xelzkeya, Böyük Britaniya (örtüklü tablet)”.
Nazirlikdən qeyd olunub ki, son günlərdə sosial şəbəkə vasitəsi ilə yayılan məlumat əsassızdır və həqiqəti əks etdirmir: “Bu səpkili məlumatlar bir necə ildir ki, müxtəlif dövlətlərdə, o cümlədən, Rusiya, Qazaxıstan, Gürcüstan, Azərbaycanda və.s. yayılır.
Mütəmadi olaraq oxşar mətnli xəbərlərin yayılması (xüsusilə qış aylarında ) əhali arasında təşviş və gərginliyə səbəb olur. Qeyd etmək istərdik ki, Analitik Ekspertiza Mərkəzinə bu preparatla əlaqəli hər hansı bir şikayət daxil olmayıb”.