Səhiyyə Nazirliyi ilə TƏBİB arasında RƏQABƏT: Rəşid Mahmudovla Adil Qeybulladan FƏRQLİ YANAŞMA

Rəşid Mahmudov: “TƏBİB-in bir sıra səlahiyyətlərinin yenidən Səhiyyə Nazirliyinə verilməsi doğru addımdır”.

Adil Qeybulla: “Mövcud vəziyyətdə bu qurumlar arasında səlahiyyət bölgüsünün aparılması məqsədəuyğun deyil”.

Ötən gün ölkədə Təcili və Təxirəsalınmaz Tibbi Yardım xidmətinin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) alınaraq, yenidən Səhiyyə Nazirliyinin tabeliyinə verilməsinə dair məlumat yayılıb.

Bununla bağlı yayılan xəbərlərdə qeyd olunur ki, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyevi işdən kənarlaşdıraraq, onun yerinə Cavanşir Fərəcovu təyin edib.

Lakin səhiyyə naziri Oqtay Şirəliyev bu təyinata öz narazılığını bildirib. Nəticədə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası yenidən Səhiyyə Nazirliyinin tabeliyinə qaytarılıb, Rauf Nağıyev isə əvvəlki vəzifəsinə təyin edilib.

Ölkədə koronavirus epidemiyasının gücləndiyi bir şəraitdə Səhiyyə Nazirliyi ilə TƏBİB arasında gedən bu “nüfuz savaşı”nın ümumi vəziyyətə təsirini Yenicag.az-a dəyərləndirən Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov bildirib ki, Səhiyyə Nazirliyinin təcrübəsini nəzərə alsaq, bu qərarı doğru addım hesab etmək olar:

“TƏBİB-in bir sıra səlahiyyətlərinin yenidən Səhiyyə Nazirliyinə verilməsi bəlkə də doğru addımdır. TƏBİB-in rəhbəri Ramin Bayramlı cavan insandır və bir çox məsələlərdə təcrübəsi azdır. Lakin Səhiyyə Nazirliyi oturuşmuş bir qurumdur.

TƏBİB-in sözügedən səlahiyyətlərinin nazirliyə verilməsi koronavirus pandemiyası ilə bağlı mübarizədə yoluxma hallarının qarşısını müəyyən qədər ala bilər. Ümumilikdə hər iki qurumun birləşməsi gücün bir yerə toplanmasına və daha effektli fəaliyyət göstərilməsinə səbəb olardı”.

Bu barədə Yenicag.az-a danışan professor Adil Qeybulla isə hesab edir ki, mövcud epidemioloji vəziyyətdə Səhiyyə Nazirliyi ilə TƏBİB arasında gedən səlahiyyət davası arzuolunan deyil:

“Pandemiya ilə mübarizədə işlər əvvəldən düzgün şəkildə təşkil olunmalı idi. Hazırda təcili və təxirəsalınmaz tibbi yardım və ambulator tibbi xidmətləri yenidən Səhiyyə Nazirliyinə, stasionar müalicə isə TƏBİB-ə verilib. Əslində, mövcud vəziyyətdə səlahiyyət bölgüsü doğru deyil. Bu işlə bir struktur məşğul olmalıdır”.

Gülşən Şərif