Bu gün Azərbaycan teatrının yaranmasının 152-ci ildönümüdür. Qədim və zəngin tarixi yol keçən Azərbaycan teatrının keçmişinə baxsaq, fəxarət hissi keçirə bilərik. Görkəmli aktyorlarımız, rejissorlarımızın birgə əməyi nəticəsində hər biri hadisəyə çevrilən nə qədər tamaşalarımız var. Bu gün də onların lent yazılarını televiziyadan izləyəndə, istər-istəməz ekrana kilidlənirik. Baxdıqca doymuruq, tamaşa etdikcə zövq alırıq. Ancaq eyni duyğuları bu gün də yaşamaq istərdik…
Bəzən kimsə deyəndə ki, indi yaxşı tamaşalarımız azdır, o saat həmin adamı topa tuturlar ki, nə danışırsan, teatra getmədiyiniz üçün belə düşünürsünüz. Əlbəttə, yaxşı tamaşalar var, amma barmaqla sayılacaq qədər. Gənc ssenarist Cavid Zeynallının əsəri əsasında səhnələşdirilən və mənim də sevə-sevə baxdığım “Şükriyyə” tamaşası. Tamaşaçını səhnəyə gətirə bilən bir tamaşadır. Amma etiraf edək ki, bu gün mədəniyyət hadisəsinə çevrilə bilən tamaşalar çox azdır. Çox istərdim ki, tarixi zəfərimizə həsr olunan sanballı tamaşalar oynanılsın. Qələbəmizdən beş ilə yaxın bir müddət keçir, amma vur-tut beş tamaşa da təqdim olunmayıb. Teatrın repertuarında Qarabağ mövzusunda tamaşalar da barmaqla sayılacaq qədərdir.
Digər bir təəssüf doğuran məqam isə bizim tanınmış teatr rejissorları və aktyorlarının başı yaxşı tamaşaların təqdimatına qarışmaqdansa, əsl tamaşanı səhnədən kənarda təqdim edirlər. Qalmaqal, qarşıdurma, bir-birini təhqir etmək, bir-birini günahlandırmaq – bunun tamaşaçıya aidiyyətini anlaya bilmirəm. Olmazmı, bu qalmaqallara sərf olunan enerji elə gözəl səhnə əsərlərinin yaranmasına xərclənsin? Qalmaqal bütün dövrlərdə olub. Böyük sənətkarlar arasında da… Amma böyük sənətkarlarımız qalmaqal şousunda ilişib qalmayıblar, cəmiyyətə yansıtmayıblar. Ortaya sanballı tamaşalar çıxarıblar.
Teatr günündə bir tamaşaçı olaraq mən də çox istərdim ki, bu gün adları qalmaqallarda hallanan, söyüş, təhqir deyişmələri ilə insanların teatra olan-qalan marağını daha da söndürən aktyorlarımız enerjilərini gözəl tamaşalar sərf etsinlər. Mədəniyyət hadisəsinə çevrilən tamaşalar təqdim etsinlər. O zaman tamaşaçını teatra gətirməyin həllini, yolunu tapacaqlar.
Yadımdan çıxmışdı, gününüz də mübarək olsun…