“Gəlin mənim süpürgəmdir, harada qoydum orada da durmalıdır…”
Filmlərimizdə səsləndirilən və sonradan aforizmə çevrilən yüzlərlə belə sitat gətirmək olar. Bu aforizmlərin müəllifini hər kəs tanıyır və sevir.
“Ögey ana”da Fatmanisə, “Böyük dayaq”da Telli arvad, “Ulduz”da Züleyxa, “Qayınana”da Cənnət xala, “Molla Fətəlinin sərgüzəşti”ndə Gülsüm, “Bəyin oğurlanması”nda Əsli xala… Sadaladığım bu obrazların hamısı öz koloriti, təbiiliyi və səmimiyyəti ilə seçilir. Ona görə ki, bu obrazlara həyat verən də elə koloritli aktrisamız, Azərbaycan teatrının kraliçası sayılan ölməz sənətkar, Xalq artisti Nəsibə Zeynalovadır.
Müxtəlif xarakterləri özününküləşdirib, sevə-sevə tamaşaçıya çatdıran və bu gün də yaradıcılıq ömrünü həmin obrazlarla davam etdirən görkəmli gülüş ustası Nəsibə Zeynalovanın anım günüdür.
Bütün varlığı ilə sənət üçün doğulmuşdu. Sənətin zirvəsində dayanan aktrisa idi. O yalnız güldürmürdü, həm də düşündürürdü.
Bu gün onu xatırladıqca da dodağımıza gülüş, üzümüzə təbəssüm qonur. Yeriniz çox görünür, Nəsibə xanım…
Ucuz, bayağı gülüş, yumor efirləri, səhnələri zəbt edib. Sənəti bayağılaşdıran aktyorları nə keyfiyyətli yumor maraqlandırır, nə də teatrın inkişafı. Hər gün sosial şəbəkələrdə sənət adına bayağı videolar çəkib paylaşırlar. Adını da qoyurlar komediya. Qurşaqdan aşığı zarafatlar, şit gülüş tamaşaçı zövqünü sıfıra endirib. Bütün bunları gördükcə, içimizdə yalnız təəssüf hissi baş qaldırır; sənəti niyə bu səviyyəyə çatdırıblar axı? Belə yerdə deyiblər e, atlar ölüb, itlərin bayramıdır.
Nə yaxşı ki, sənəti hər zaman zirvələrə qaldıran Nəsibə Zeynalova kimi aktrisalarımız olub. Hətta ölümü ilə də əsl sənət fədaisi olduğunu da sübuta yetirdi. Bənzərsiz aktrisa martın 10-u, teatr günü dünyasını dəyişdi. Bu gün teatr günündə onun adı da fəxarətlə çəkilir. Nəsibə Zeynalova adını teatr tarixinə qızıl hərflərlə yazan sənətkardır, ona görə də bu gün ürəklərdə, hafizələrdə yaşayır.
Cəvahir