Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Səhranın solan qızılgülü"... – Dünyaya qarşı Bəşərin yanında olan Əsma Əsədin həyat hekayəsi

Nə vaxtsa onu “səhranın Qızılgülü” adlandırırdılar, lakin Suriya münaqişəsinin başlanğıcı ilə dünya KİV-i onu “iblisin birinci xanımı” adlandırmağa başladı.

Yenicag.az Bəşər Əsədin xanımının – bir zamanlar qlamur dünyanın dəbdə olan sevimlisindən necə nifrət hədəfinə çevrilməsini oxuculara çatdırır.

  • Bir zamanlar…

Fransanın “Paris Match” jurnalı Əsma Əsədi kölgələrlə dolu ölkənin işığı və şərqli Diana adlandırırdı.
“Elle” moda jurnalı Əsma Əsədi 2009-cu ildə dünyanın ən yaxşı geyinən siyasətçi qadını seçmişdi.
ABŞ-ın “Huffington Post” “Suriyanın “first lady”si və təbii gözəllik” adlı fotosessiya hazırlamışdı.
Ən çox diqqət çəkən məqalə isə “Vogue” jurnalında yayımlanan “Səhrada bir qızılgül” yazısı idi.

  • Kimdir Əsma Əsəd?

Əsma Londonda müsəlman ailəsində doğulub. Suriyaya yaşamaq üçün o, yalnız 25 yaşında köçüb. Əsma Əsəd avropasayağı geyinir, hicab və ya pərəncə geyinmirdi.

Britaniyada məktəbdə oxuyanda onu Emma adlandırırdılar. Müsəlman-sünni ailəsində doğulmasına baxmayaraq, Suriyanın Böyük Britaniyadakı səfirinin qızını uşaqlıqda normal ingilis uşaqlarından ayırmırdılar.
London universitetinin Kral kollecində Kompüter elmləri və Fransa ədəbiyyatı ixtisasları üzrə təhsil alan Əsma hələ də London ləhcəsində danışır.

Təhsilini bitirəndən sonra ingilis, fransız, ispan və ərəb dillərini bilən Əsma mükəmməl karyera qurmağa başlayır.

Əvvəlcə “Deutsche Bank”ın Sığorta bölməsində, daha sonra isə “J.P.Morgan”  investisiya şirkətinin əməkdaşı kimi çalışır. Gələcək əri, Bəşər Əsəd ilə o, Londonda tanış olur. Onlar 2000-ci ildə evlənirlər. O zaman Bəşər Əsədin 35, Əsmanın isə 25 yaşı var idi.

  • “Birinci xanım”lıq dövrü

Həmin il – 10 iyun 2000-ci ildə Suriya prezidenti Hafiz Əsəd qəflətən dünyasını dəyişdi. Bəşər Əsəd yeganə varis olaraq ən ali kürsüyə yiyələndi.  Zərif, gözəl tərzdə geyinə bilən Əsma Əsəd nümunəvi “birinci xanım” sayılırdı. Onu Qərbdə xeyli nüfuzu olan İordaniya kraliçası Raniyə ilə bir sırada görürdülər.

Bəşər Əsədin xanımı əbəs yerə müsbət imicə malik deyildi: o, fəal xeyriyyəçiliklə məşğul olur, kənd sakinlərinin qayğısına qalır və əlil insanları dəstəkləyən təşkilatlara kömək edirdi. Eyni zamanda qadın hüquqları uğrunda mübarizə aparır, uşaqlar üçün təhsilin önəmli olmasını önə çəkirdi.
Əsma həmişə qüsursuz görünürdü – nüfuzlu tənqidçilər onun “sakit” makiyajına heyran olur, “kare”  kəsilmiş saçların yumşaq dalğalarını vəsf edirdilər. Zərif klassik kostyumlar, “Christian Louboutin” şirkətinin ayaqqabısı və dəyişməz gün eynəkləri ilə Əsma Əsəd şahzadə Diana ilə müqayisə olunurdu.

  • “Səhranın qızılgülü” solmağa doğru…

2011-ci ilin mart ayından etibarən, artıq dünya ictimaiyyətinin, KİV-in gündəmində Suriya qlamur “birinci xanım”a görə deyil, tamamilə başqa məsələlərə görə gündəmdə idi.

Dəməşq, Aleppo, Deyr-əz-Zor, Əl-Hasak və digər şəhərlərdə etirazçılara qarşı zor tətbiq edilirdi.

O vaxtdan Əsma Əsəd “şeytanın “birinci xanımı”na çevrilməyə başladı. Qərb nüfuzluları dəfələrlə Əsma Əsədə ölkədən çıxmağı məsləhət görsələr də, o, təklifləri rədd edir və suriyalı ərini dəstəkləyirdi.

Qərb mətbuatında ölkə sakinlərinin çoxunun qaçqın düşməsi, həlak olması, aclıq, səfalət içində qalması fonunda, Əsma Əsədin dəbdəbəli həyat keçirməsi ciddi tənqid olunmağa başladı. Hətta 2017-ci ildə Britaniya hakimiyyəti Əsmanı vətəndaşlıqdan çıxarmağı belə düşündü.

  • Korrupsiya sənədlərinin üzə çıxması

KİV yazırdı ki, Əsma Əsəd əri və 3 uşağı ilə təxminən 1 milyard dollar dəyəri olan sarayda yaşayır. Bu barədə hətta 2012-ci ildə “Wikileaks” saytında da Suriyanın “birinci xanımı”nın şəxsi yazışması dərc edildi. Yazışmadan məlum oldu ki, içində şeytan daşıyan, bir zamanların “zərif” qadını sarayın 130 predmetinə 350 min dollar xərcləyib və 7 min dollara kristallarla bəzədilmiş ayaqqabı alıb. Sanksiyalardan yan keçmək üçün o, malları Dubay vasitəsilə əldə edirdi. Bu şəxsi yazışmaların yayılması mətbuata məlum olan 10-larla korrupsiya əməlindən yalnız bir neçəsi idi.

Hazırda bir zamanların dəb kraliçası Əsma Əsəd artıq Qərb ictimaiyyətinin sevimlisi deyil. O, öz İnstaqram səhifəsində rəsmi tədbirlərdən fotolar dərc edir, Suriya hərbçiləri ilə olan şəkillərini paylaşır. Bütün bunların fonunda ərini – Bəşər Əsədi müdafiə etdiyi üçün ciddi tənqid olunur.

Əlbəttə, yumşaq dalğalı saçlar, “sakit” tərzdə dəbli makiyaj, zərif klassik kostyumlar heç yerə yox olmayıb, lakin bu, artıq heç kəsi maraqlandırmır.

Zaur Həsənəliyev

www.yenicag.az

3732
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100