İnformasiya texnologiyalarının inkişafı və sosial media platformalarının geniş vüsət alması, bir tərəfdən, insanlara məlumat əldə etmək üçün misilsiz imkanlar yaratsa da, digər tərəfdən, bu imkanlar bəzən dezinformasiya, təxribat xarakterli xəbərlər və yanlış məlumatların cəmiyyətə təsirini artırır. Yanlış informasiya yalnız fərdlərin deyil, bütövlükdə cəmiyyətin sosial və psixoloji sabitliyinə mənfi təsir göstərə bilər.
Bu problemlərin həlli yollarından biri kimi, media savadlılığının artırılması xüsusi əhəmiyyət daşıyır. Media savadlılığı cəmiyyətin fərdlərinə doğru informasiya ilə manipulyasiyanı ayırd etməyi öyrətməklə yanaşı, onları rəqəmsal məkanda qarşılaşdıqları təhlükələrdən qorumağa kömək edir. Bu gün dünyada informasiya müharibələrinin geniş yayıldığı bir dövrdə bu biliklərin artırılması təkcə fərdlərin deyil, ümumilikdə dövlətin informasiya təhlükəsizliyini təmin etmək baxımından strateji əhəmiyyət kəsb edir.
Yenicag.az-la söhbətində “Şərq” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Akif Aşırlı da təsdiqləyib ki, media savadlılığı ilə bağlı anlayış “Media haqqında” qəbul olunan yeni qanunda əksini tapıb və bu, çox düzgün bir addımdır:
“Çünki son dövrlərdə dünyanı dezinformasiyalar, yanlış informasiyalar və kirli xəbər siyasəti bürümüşdür. Artıq müharibələr səngərlərdə deyil, media müstəvisində aparılır və bu hibrid müharibənin ağır nəticələri olur. Bu proses cəmiyyətə sağalmaz yaralar vurur, iflas əhval-ruhiyyəsi yaradır, vətəndaş itaətsizliyinə səbəb olur və onların öz dövlətinə, ölkəsinə, millətinə qarşı inamını zəiflədir. Bu informasiya müharibəsi müasir dövrün ən dəhşətli müharibə növlərindən biridir. Media savadlılığının artırılması, bu sahədə təlimlərin keçirilməsi və cəmiyyətin hazırlanması çox doğru və zəruri addımdır. Cəmiyyət media ilə bağlı daha dolğun məlumata malik olmalı və yanlış xəbərlərin, sosial media təxribatlarının təsirindən qorunmağı bacarmalıdır. Bunun üçün xüsusi maarifləndirici tədbirlərin keçirilməsi təqdirəlayiqdir və ən düzgün yanaşmalardan biridir”.
Jurnalist əlavə edib ki, eyni zamanda, orta məktəblərdə media savadlılığı üzrə işlərin sürətləndirilməsi vacibdir:
“Xüsusilə gənclər, sosial media şəbəkələrinin təsirinə daha həssas olduqları üçün, bu mövzularda maarifləndirilməlidir. Gənclərə doğru və yanlış xəbəri ayırd etmə bacarıqlarını öyrətmək və media ilə bağlı bilikləri artırmaq onların gələcək həyatına müsbət təsir göstərə bilər. Hazırda bu istiqamətdə görülən işlər ümidvericidir, lakin yetərli deyil və daha geniş miqyasda həyata keçirilməlidir. Xüsusilə regionları əhatə edən tədbirlərin keçirilməsi önəmlidir. İnternet əlçatanlığı regionlarda müsbət hal kimi qiymətləndirilsə də, sosial media şəbəkələri və xaricdən idarə olunan media təsisatlarının təsirlərindən cəmiyyəti qorumaq üçün daha çox tədbirə ehtiyac var. Bu, strateji əhəmiyyətə malik bir məsələdir və bu sahədə atılan hər bir addım gələcək nəsillərin sağlam informasiya mühitində böyüməsinə xidmət edir. Media savadlılığı yalnız cəmiyyətin informasiya təhlükəsizliyini təmin etməklə kifayətlənmir, eyni zamanda cəmiyyətin ümumi inkişafına da mühüm töhfə verir”.
Rafi Müslümov