Səlim Müslümovun bitməyən İSTİNTAQI: “Hansısa əmlakların və bank hesablarının üzə çıxarılması…” – ŞƏRH

“Görünən budur ki, istintaq orqanlarına nəzarət etməli orqan olan Baş Prokurorluq öz funksiyalarını yerinə yetirə bilmir”.

Bu fikirləri 2021-ci ilin fevralında həbs olunan sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov barəsində həbs qətimkan tədbirinin daha 3 ay uzadılmasına münasibət bildirən keçmiş millət vəkili Nazim Bəydəmirli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, istintaq orqanları ötən illərdə olduğu kimi, vətəndaşları uzun müddət istintaq prosedurları altında saxlayırlar:

“Mən hüquqşünas deyiləm, amma bildiyim qədər, əvvəllər istintaqın maksimal müddəti doqquz ay idi və daha sonra bunu bir qədər də uzatdılar. Açığı, belə qalmaqallı həbslər üzrə istintaq tez bir zamanda yekunlaşdırıla bilər. Bildiyiniz kimi, mediada da belə iddialar irəli sürülür ki, istintaqda Səlim Müslümovun hansısa əmlaklarının, bank hesablarının üzə çıxarılmasına çalışılır. Bu iddiaların nə qədər doğru, yaxud yanlış olduğunu istintaq orqanları bilər.

Lakin mən bir vətəndaş olaraq, istintaq müddətinin maksimum qısa olmasının tərəfdarıyam. Avropa İnsan Haqları Məhkəməsi də bütün hökumətlərdən istintaq müddətinin qısa olmasını tələb edir. Elə hallar mövcuddur ki, həbs olunan şəxs illərlə istintaq altında qalır və məhkəmənin onlara kəsəcəyi cəzanın da çox hissəsini elə istintaq müddətində çəkmiş olurlar.

Görünən budur ki, istintaq orqanlarına nəzarət etməli orqan olan Baş Prokurorluq öz funksiyalarını yerinə yetirə bilmir. Belə olduqda, istintaq orqanları ötən illərdə olduğu kimi, vətəndaşları uzun müddət istintaq altında saxlamaq prosedurlarını həyata keçirilər. Bu çərçivədə qeyd edim ki, mən “Baku Steel Company”nin keçmiş rəhbəri Rasim Məmmədovun taleyindən də narahatam. Çünki borclu borclunun sağlığını istər.

Hesab edirəm ki, Səlim Müslümovla bağlı onu da demək olar ki, tək onun vaxtilə rəhbərlik etdiyi nazirlik yox, digərləri də bu tip maxinasiyalarla məşğul olublar və məşğul olmaqda davam edirlər. Yəni dövlət büdcəsindəki vəsaitləri mənimsəmək, tenderləri öz qohum-əqrəbalarının şirkətlərinə vermək adi haldır. Əslində, belə demək mümkündürsə, Azərbaycanda korrupsiya cinayət hadisəsi deyil, buna görə həbs etmirlər. Əvəzində siyasi və ya başqa xarakterli səhvə görə sərt şəkildə cəzalandırırlar”.

A.Zeynalov