“Toplum və ünsiyyətdə olduğumuz çevrə bizim hazırcavablıq qabiliyyətimizin formalaşmasına özünəməxsus təsir göstərir”.
Bu fikirləri səlis və axıcı danışıq vərdişinin formalaşmasına təsir edən amilləri dəyərləndirən natiq Zaur Cahangirov Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, tələffüz qaydalarına əməl etmədən sürətlə oxuduğumuz kitablar nitqimizin inkişafına təsir göstərmədən sadəcə, düşüncələrimizə yenilik qatır:
“Səlis danışmaqda əsas məqsəd ilk növbədə diksiyamızı inkişaf etdirmək və söz ehtiyatımızı artırmaq olmalıdır. Ağız aparatımız yaxşı işləməlidir ki, sözlər aydın eşidilsin.
Burada dil, dodaq, çənə, dişlərin təsiri böyükdür. Eləcə də nəfəsimizi və səsimizi təkmilləşdirsək, istədiyimiz nəticə əldə oluna bilər. Qeyd edim ki, nitqin sürətini idarə etmək, auditoriyaya uyğun tondan istifadə etməklə də çıxışın təsirini artırmaq mümkündür.
Mütəxəssislər bildirirlər ki, natiqlik bacarığı 30 faiz potensial, 70 faiz isə performans üzərində qurulub. Yəni anadangəlmə qabiliyyət olsa belə, o bacarıqları sosial mühitdə təkmilləşdirmək lazımdır. Toplum və ünsiyyətdə olduğumuz çevrə bizim hazırcavablıq qabiliyyətimizin formalaşmasına özünəməxsus təsir göstərir.
Bu qayda ilə hər gün bir səhifə kitab oxuyaraq məşq etmək həm nitqimizi inkişaf etdirər, həm də beynimizi açar. Lakin burada hədəfimiz tələffüz qaydalarına uyğun, sürətimizi nizamlayaraq səsli şəkildə kitab oxumaq olmalıdır”.
Nuray Məmmədzadə