“Semaşko”nun qəssabxana şöhrəti sərhədləri aşır – Türkiyədə gündəm oldu – YENİLƏNDİ / FOTOLAR

“Nəinki ötən gün, hətta son bir həftə ərzində hansısa əcnəbi vətəndaşın, əcnəbi tələbənin və ya türkiyəli vətəndaşın müraciəti ilə bağlı məlumat qeydə alınmayıb”.

Bu barədə Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu “Twitter” sosial şəbəkəsində Mərkəzdə türk vətəndaşı olan tələbəyə tibb işçiləri tərəfindən tibbi yardımın və ya tibbi yardım üçün normal münasibətin göstərilməməsi ilə bağlı iddiaların əks olunduğu paylaşıma münasibət bildirərkən deyib.

O bildirib ki, məsələ Mərkəz tərəfindən araşdırılıb və belə bir fakt aşkarlanmayıb:

“Məlumat üçün bildirək ki, həmin sosial şəbəkə istifadəçisinin “arkadaşım” deyə xitab etdiyi adamın nə adı, nə soyadı, nə də ki, hansı həkimə müraciət etməsi haqda dəqiq məlumatlar qeyd edilməyib. Amma, bununla belə məlumatı dəqiqləşdirmək üçün Kliniki Tibbi Mərkəzin müvafiq şöbələrindən sorğular toplamışıq. Nəinki ötən gün, hətta son bir həftə ərzində hansısa əcnəbi vətəndaşın, əcnəbi tələbənin və ya türkiyəli vətəndaşın müraciəti ilə bağlı məlumat qeydə alınmayıb. O cümlədən, dəfələrlə həmin sosial şəbəkə istifadəçisi ilə əlaqə saxlamağa çalışsaq da heç bir cavab verilməyib. Bu səbəbdən də yayılan məlumatı əsassız hesab edirik”.

***

10:30

1 saylı Şəhər Klinik Xəstəxanası (“Semaşko”) haqqında edilən şikayətlər artıq ölkə sərhədlərini aşır.

Yenicag.az xəbər verir ki, bu dəfə Azərbaycanda ali təhsil alan Türkiyə vətəndaşı sözügedən xəstəxanada həkimlərin laqeyd münasibətilə qarşılaşıb.

Bu barədə “Twitter” sosial şəbəkəsində paylaşım edən Çağla Acar adlı xanım “Semaşko”da dostunun başına oyun açıldığını bildirib.

O qeyd edib ki, daxili qanaxma şübhəsilə həmin xəstəxanaya gedən həmyerlisi kobud həkim rəftarı ilə qarşılaşıb. Həkim həmin tələbəni başından etmək üçün gözucu diaqnoz qoyub. Çağla Acar həmin tələbədən rüşvət istəndiyini də bildirib.

“Türkiyədəki Azərbaycan vətəndaşı olan tələbələrə dövlət xəstəxanalarında belə belə münasibət göstərilir?” – deyə xanım qeyd edib.