“Səməd Vurğuna baş əymədən keçib-getmək olmaz” – Sabir Rüstəmxanlı Qazaxdan yazır
Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı bu günlərdə Qazax rayonuna səfər edib. Səfər çərçivəsində o, rayon ziyalıları və icra başçısıyla görüşüb. Rayonda Xalq şairinin şərəfinə ziyafət təşkil olunub.
S.Rüstəmxanlının Bakıya qayıtdıqdan sonra səfəri barədə qələmə aldığı yazını və səfərdə çəkilmiş fotoları təqdim edirik:
Yetirdiyi böyük şəxsiyyətlərin ruhu və xatirəsi Qazaxın tükənməz mənəvi enerjisinin qaynağıdır və bəlkə elə buna görə vətənimizin bu gözəl guşəsi öz torpağı, havası, suyu, sazı və sözüylə həmişə bərəkət saçır. İlin, ayın hansı vaxtı olur-olsun, ayağın bu torpağa dəyən kimi, bu gücü və enerjini hiss edəcəksən; Göyəzənin, Aveyin hələ sonadək öyrənilməmiş və dərk olunmamış tarix havası səni vuracaq…
May ayının ortalarında həmin sehrli enerjiyə həm də yaz daşqını kimi dağı-daşı bürüyən təzə-tər yaşıllıq və gözəllik qarışır; qısa müddətə olsa da sanki bütün qayğılardan ayrılır, gündəmi dolduran dedi-qodulardan, ürəyini sıxan dərdlərdən uzaqlaşır, adı və yaradıcılığı ilə, qoşa addımladığın illərin unudulmaz xatirələri ilə sənə əziz olan böyük sənətkarların, dünyasını dəyişmiş dostlarının ruhu bir çox suallara cavab verməklə, əbədi olanla keçici olanların sərhədini daha aydın göstərməklə sənə yardımçı olur… Nə qədər xəlvət, kimsəyə xəbər vermədən gəlsən də küçədə adamlar çoxdan yolunu gözləyən dost-tanış kimi “xoşgəldin” deyəcək, hal-əhval tutacaq, ərklə və səmimiyyətlə süfrələrinə dəvət edəcəklər…
Ancaq, təbii ki, Qazaxda əsas ev sahibi böyük Səməd Vurğundur və öncə onunla salamlaşmadan, ona baş əymədən keçib getmək olmaz. Azərbaycan Yazıçılar Birliyinin Qazax şöbəsinin başqanı ilk şeri, ilk kitabı çıxan illərdən bəri tanıdığım və bütün inkişaf yolunu izlədiyim istedadlı şairimiz Barat Vüsalla da Səməd Vurğunun Qazaxın mərkəzində ucalan heykəlinin önündə görüşdük və Bakıdan, öz əllərimlə əkdiyim qızılgüllərdən bağladığım dəstəni heykəlin ayaqları altına qoydum…
Qazaxın və bütövlüklə Azərbaycanın fəxri olan böyük şəxsiyyətlərin büstlərinin arasından keçib Şəhidlər xiyabanına getdik. Belə şəhidliklər bütün rayonlarımızda var. Ancaq Qazaxdakı xiyabana sakit baxmaq mümkün deyil. Nəhəng bir ayparadan aralarında jurnalist dostumuz Alı Mustafayev də olan milli qəhrəmanlardan tutmuş, bir yaşı tamam olmamış körpələrə qədər- Qazax şəhidlərinin yüzlərlə portreti sənə baxır və sanki uğrunda canlarını qurban verdikləri torpaqların taleyini, savaşın nə zaman bitəcəyini, insanların düşməndən təmizlənən yurd-yuvalarına nə vaxt qayıdacaqlarını soruşurlar…
Sonra Qazaxın zəngin ekspozisiyası ilə diqqəti çəkən və bu bölgənin dünya sivilizasiyasının beşiklərindən olduğunu nümayiş etdirən Tarix – Diyarşünaslıq muzeyini gəzdik.Qazax şairləri ilə Ədəbiyyat muzeyinin qarşısında
Bu dəfə Qazaxa gəlmək fikri ürəyimdə Türkiyədə, Amasiya şəhərində azəri yadigarı olan abidələri ziyarət edərkən doğmuşdu. Amasya azərilərinin bir hissəsi Qazaxdan, Borçalıdan gedənlərdir; Qazaxla Amasyanı bağlayan tarixi körpüləri unutmaq olmaz. Bu körpüləri quranlardan biri Qazaxın İncə dərəsində uyuyan Mahmud Əfəndidir. Amasyada məşhur şairimiz Seyid Nigarinin məqbərəsini, Şirvanlılar məscidini ziyarət edərkən oralarda zəhməti keçən, əməyinin izi qalan Mahmud Əfəndini ziyarət etməməyin günah olduğunu düşünmüşdüm. Bütün övliya məqbərələrində eyni bir qutsallıq duyulur. Hansı təriqətə bağlı olurlar-olsunlar onlar İslam aləmini bütöv və güclü görmək istəyiblər, sünni-şiə ayrılığının aradan qaldırılmasını arzulayıblar. Mahmud Əfəndinin məqbərəsi də bunun parlaq bir örnəyidir. Anzaq məqbərəni ziyarət edərkən məni təsirləndirən iki epizodu ayrıca qeyd etmək istəyirəm. Üz-üzə gəldiyimiz bir ailənin başçısı xanımına məni təqdim etmək istəyəndə qadın sakitcə “Sabir bəyi mənə tanıdırsan?” deyə yoldaşının sözünü ağzında qoydu və bir neçə cümlədə mənim həyatım və kitablarımla bağlı elə dəqiq fikirlər dedi ki, bunu heç peşəkar ədəbiyyatçılar da bacarmaz. Barat Vüsal sonra bunu tez-tez xatırladıb “Qazaxın əsil ziyalı tərəfi budur bax!” deyir. Mən belə təsadüfi görüşlərə və xalq arasındakı böyük sevgiyə alışqanam. Təvazökarlıqdan uzaq səslənsə də həqiqət belədir və bu mənim həyatda ən böyük qazancımdir. Lakin Qazaxda bir kənd qadınının bir ani görüşdə fikrini o cür dəqiq və parlaq ifadələrlə çatdırması mənə əvəzsiz bir hədiyyə oldu.
Məni heyrətə salan əsas bənzəyişi məqbərədən ayrılarkən gördüm. Qurumuş gövdənin üstündə yam-yaşıl, canlı, meyvəsi üstündə cavan tut pöhrələri… Ağac özü bir möcüzədir, lakin daha qəribə olan bu ağacın bənzərinin, eynisinin Türkiyədə, Kırşəhirdə Hacı Bəktaşi Vəli dərgahında olmasıdır. Həmin ağac haqqında bir neçə il öncə yazmışdım. İnsanlar dərgahla bərabər bu ölümə qalib gələrək, meyvəsini tutiya kimi ziyarətçilərə paylayan ağacı da ziyarət edirlər…
İncə dərəsinə gəlib köhnə şair dostlarımızı ziyarət etməmək günah olar. Burda Akif Səmədlə Ağamalı Sadiq Əfəndi bir yolun üstündə dayanırlar. Əslində elə sağlıqlarında da daim haqq yolunun, millətin azadlıq yolunun üstündəydilər və hər ikisiynən çox səmimi dostluq duyğuları ilə bağlı idik. Sağ olsun kənd qəbristanları, axırda bizə sahib çıxan yenə onlardır… Maraqlı həmsöhbətlərin arasındayam, lakin uzaq illər arxasında sevimli müəllimlərim olmuş ədəbiyyatçı Cavad Məmmədovun, riyaziyyatçı Şahvələd Mustafayevin, gənclik dostum, lirika ustası Nüsrət Kəsəmənlinin, ədəbi və siyasi mübarizələrdə çiyin-çiyinə dayandığım İsmayil Şıxlının, Yusif və Vaqif Səmədoğluların, ustad İsa Muğannanın, şeirləri dillərdə dolaşan Hüseyn Arifin canlı xatirələri də bizimlə gəzir.
Qazax indiki xəritələrdə vətənimizin uc nöqtələrindən biridir. Qonşu dövlətlərin qapısında yerləşir. Bunu unutmaq olmaz. Bu baxımdan son illərdə Qazaxda görülən işlər məni sevindirdi. Tikilən gözəl binalardan biri də Səməd Vurğun heykəliylə üz-üzə dayanan Ədəbiyyat muzeyidir. Mən bilən, respublikada Nizamı adına Ədəbiyyat muzeyindən başqa ikinci belə bir muzey yoxdur. Əslində, Qazaxda ayrıca Vaqif, Vidadi, İsmayıl Şıxlı, İsa Muğanna və s. muzeyləri də olmalıdır. Bu muzey hamısını əvəz edəcək və Mədəniyyət Nazirliyi bu işə yardım etməlidir.
Həyatın elə adi normaları var ki, bizim üçün əlçatmaz arzuya dönüb. Məsələn, Qazaxda söhbət zamanı adamlar tez-tez vurğulayırdılar: “Bilirsiniz, Qazax bir nümunə göstərib, yeni başçı gələndən sonra burada rüşvətin kökü kəsilib. Sağ olsun!” Düzgünlüyün, xalqa sayğının, hər bir vətəndaşın qapısını döymək, hər bir ehtiyacı olana dayaq durmaq qayğıkeşliyinin nə qədər ciddi bir iqtisadi, mənəvi, psixoloji dəyişiklik yaratdığını müşahidə etmək baxımından bugünkü Qazax doğrudan da bir nümunədir. Bunu yazmaq mənə xoşdur və pisə pis dediyimiz kimi yaxşıya yaxşı demək də borcumuzdur. Qazax rayon icra başçısı ilə söhbətimiz zamanı mən camaatın razılığının səbəblərini anladım. Rəcəb müəllim iki qonşu dövlətin sərhədində yerləşən rayonda ilhamla, xalqa hörmətlə, yaradıcılıq eşqi ilə çalışır… Görülən işlər, rayonun inkişafı ilə bağlı planlar, doğrudan da, yerlərə kadrların düzgün seçilməsinin nə qədər vacib olduğunu göstərir. Ümid edirik ki, Qazaxın nümunəsi başqa rayonlarımıza da yayılar…
Qazaxda ayrılmazdan əvvəl ziyalılarla, yerli şairlərlə sazlı-sözlü, unudulmaz bir görüşümüz oldu.