“Şəmkir”də qumar qalmaqalı: “Kişi özünü satdısa…”

“Şəmkir”in prezidenti Elvin Səfərli ilə bağlı iddialar səngimək bilmir.

Ötən mövsüm əyalət təmsilçisində çıxış edən Şahin Baleljae, klubun prezidentini oyun alqı-satqısında ittiham etməklə yanaşı, hücumçuya olan borcunu verməməkdə günahlandırıb. İranlı forvard şahid kimi klubun baş məşqçisi olmuş Qəhrəman Əliyevi göstərib.

Ancaq saytımıza açıqlama verən Qəhrəman Əliyev oyun alqı-satqısı ittihamını təkzib etsə də, onun da klubdan alacağı olduğunu təsdiqləyib. Bundan başqa təcrübəli çalışdırıcı futbolçuların ona qarşı təxribat törədib-törətmədiklərindən xəbərsiz olduğunu deyib.

Qəhrəman bəyin açıqlamasına ötən mövsüm karyerasını “Şəmkir”də başa vuran Ramil Sadıqov da münasibət bildirib. Yenicag.az saytına danışan veteran futbolçu Qəhrəman Əliyevin yalan danışdığını söyləyib:

“Şahinin açıqlamasını oxumuşam. Onun fikirləri ilə razı deyiləm. Sadəcə, alacağı var deyə, bir yerdə dayanmır. Qəhrəman Əliyev də yalan danışır. Burdan-bura deyir, mən bilmirdim ki, oyunçular ayağımın altını qazır. Mən cəmi iki matçda meydanda olmuşam, digər oyunlarda iştirak etməmişəm. Mənim də alacağım var, amma dost, yoldaş olduğumuz üçün bunu qabartmıram. Qəhrəman müəllim özü hər şeyi yaxşı bilir. Komandanın içində baş verənlərdən agah idi. Komandanın içində nələr baş vermirdi ki? Heç bilmirik ki, “Şəmkir” növbəti mövsüm olacaq, yoxsa yox?! Heç kim bir söz demir. Mən 12-13 yaşlı futbolçulara məşq keçmək istəyirdim. Amma görürəm ki, hələ bir xəbər yoxdur. Mən şəmkirliyəm, heç vaxt oyun alqı-satqısına getmərəm. Sənin gözünü yeyim, PFL-dən videoyazıları alıb bax, gör şübhəli nələr var? İndi mən nə deyim? Heç kimdən çəkinmirəm. Bütün prosesləri hamı bilir. Xəstəliyimi bəhanə edib, məni də komandadan uzaqlaşdırdılar. Ciyərim ağrayırdı, amma mən 5 il belə halda oynamışam. Adamın üstə Allah var. Mənim yanımda oyun alqı-satqısı ilə bağlı söhbət olmayıb. Kişi özünü satdısa, ömür boyu da satacaq”.

Emin Səfərov

Yenicag.az

COP29