Şəmsəddin Hacıyevin “ailəvi” korrupsiyası

1451383344_img1745468“Öz dosent-professorlarına ”ataraq” mənzilləri müxtəlif lazımlı dost və qohumlarına satıb“

İqtisad Universitetinin keçmiş rektoru Şəmsəddin Hacıyevlə bağlı mətbuatda müxtəlif yazılar dərc olunmaqdadır. Hazırda deputat olan Ş.Hacıyevlə bağlı “Reytinq” qəzetində “Sabiq komitə sədrinə cinayət işi açdırmaq istəyirlər” sərlövhəli yazı dərc olunub. Məqalədə Ş.Hacıyevin parlamentin Elm və təhsil komitəsinin sədri vəzifəsinə yenidən təyin olunmamasının çox ciddi səbəbləri olduğu qeyd olunur: “Onun rektorluğu dövründə istər büdcə, istərsə də büdcədənkənar vəsaitləri talan etməsi ilə bağlı təkzibolunmaz faktlar bu məsələdə böyük rol oynadı. Ş.Hacıyevin korrupsiyaya yol verməsi Təhsil Nazirliyi ilə universitetin hazırkı rəhbərliyi tərəfindən aparılan araşdırma zamanı da təsdiqini tapıb və artıq bununla bağlı rəsmi məlumatlar yuxarı dairələrə təqdim edilib”.

Yazıda qeyd olunur ki, həmin yoxlamalar zamanı Ş.Hacıyevin rektor olarkən ailə üzvlərinin – həyat yoldaşının, qardaşı oğlunun, baldızı qızının birgə idarəçiliyində olduğu “Turan-2009″ MMC, ”İqtisadçı” MTK və digər şirkətlər vasitəsilə İqtisad Universitetində milyonlarla manatlıq “əməliyyat” aparmaları təsdiqlənib.

Bu “əməliyyat”ların 90 faizi qanunvericiliyin əksinə olaraq, tendersiz baş verib. Yeni Ş.Hacıyev Satınalmalar üzrə Dövlət Agentliyinin müsabiqə reyestrinə ancaq xırda rəqəmli əməliyyatları daxil etsə də, böyük pulların mənimsənildiyi əməliyyatları özbaşına həyata keçirib: “Məsələn, 2011-ci ildə 166,822 manatlıq, 2012-də 136.748 manatlıq tender keçirildiyi halda, 2013-cü ildə, məhz Mikayıl Cabbarov nazir işlədiyi vaxtlarda 11 milyon 29 min 907 manatı guya müxtəlif işlərə xərcləyiblər: ”Bu vəsaitdən 1 milyon 145 min 269 manatı təmir, 2 milyon 123 min manatı inventar, maşın, avadanlıq, təsərrüfat malları, dəftərxana məsrəfləri, 7 milyon 745 min 887 manatı isə sağlamlıq kompleksinin tikintisinə ayrılıb. Burada ən diqqətçəkən fakt isə Şəmsəddin Hacıyevin bu 11 milyon manatı ailə şirkəti – “Turan” MMC-nin ortaqlığı ilə həyata keçirilməsidir. Bütün bunlar dəqiq araşdırılıb.

Bu zaman o da üzə çıxıb ki, həmin 11 milyon manatın təxminən 667 min manatına nəyin alınması və ya həmin pulun hara sərf olunması ilə bağlı ümumiyyətlə, heç bir mühasibat sənədi yoxdur. Elə bu səbəbdən də məsələ bir neçə ay əvvəl məhkəmə müstəvisinə çıxarılıb. Hazırda 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin icraatında olan və universitetin yeni rəhbərliyi tərəfindən “Turan 2009″ MMC-yə qarşı qaldırılan 667 min manatlıq iddia da bu məqsədlədir. Maraqlıdır ki, heç bir əsas olmadan həmin pulu rektorluğu dövründə Ş.Hacıyevin ”Turan 2009″ MMC-nin hesabına köçürməsi ciddi cinayət sayılsa da, ondan ancaq hələlik həmin pulun geri qaytarılması tələb olunur.

Ancaq bu o demək deyil ki, müflis olduğunu elan edən sabiq rektor o pulu geri qaytardıqdan sonra cəzasız qalacaq. Məncə, deputatın həmin MMC-nin direktoru olan qardaşı oğlu Ş.Hacıyevlə baş mühasibi Milada Rəsulova barəsində cinayət işi açılacaq. Bununla sabiq rektoru daha çətin vəziyyətə salacaqlar”.

Qəzetin istinad etdiyi məlumatlı şəxs deyib ki, Ş.Hacıyev onu gözləyən təhlükəyə müqavimət göstərmək üçün YAP-dan, hazırda sədri olduğu hakim partiyanın Səbayel Rayon Təşkilatının sədri vəzifəsindən və deputat mandatından qalxan kimi istifadə edir. O hətta hazırda məhkəmə predmetı olan 667 min manatı Göyçay rayonunda YAP-ın binasının yenidən tikilməsinə xərclədiyi müəyyən dairələrin qarşısında qaldırıb: “O, sanki kiməsə mesaj verir ki, bu pulu tək yeməmişəm. Yəni ”məni qurban versəniz, hər şeyi açaram” hədəsi edir. Yəqin elə bu səbəbdəndir kı, onun yenidən deputat olmasına imkan verildi. Ancaq hazırkı proses göstərir ki, mənimsənilən pulları deputata bağışlamaq niyyətində deyillər”.

İddia edilir ki, Ş.Hacıyevin uzun müddət Ucar rayonunda Əhalinin Sosial Müdafiəsi Mərkəzinə rəhbərlik edən bacısı oğlu Elxan Rəhimovun nazir Səlim Müslümov tərəfindən bir müddət əvvəl vəzifəsindən azad edilməsi də belə deməyə əsas verir. Bu həm də onu göstərir kı, YAP-a sığınmasına baxmayaraq, Ş.Hacıyevi qarşıda “böyük sınaq”lar gözləyir.

Haqqın az. saytında isə deputatla bağlı “Büdcədən 1 milyon dollar oğurluq edib” (haqqin.az/news/57034). başlıqlı yazı yer alıb.

Həmin yazını ixtisarla təqdim edirik. Sitat: “Bakı İqtisad Məhkəməsi qət edib ki, 2006-cı ildə Şəmsəddin Hacıyev Dağıstan Atıcılıq Diviziyası küçə 35-də yarım hektar torpaq sahəsi əldə edib. Rəhbərlik etdiyi ali məktəbin sahəsinin genişləndirilməsi məqsədilə ali məktəbin vəsaiti hesabına aldığı bu sahəni öz adına rəsmiləşdirmiş və 1 milyon rus rublu qiymətinə dəyərləndirmişdir. Bundan sonra o, həmin ərazini İqtisad Universitetinin Dərbənd filialının inşası üçün böyük məbləğə öz universitetinə satmışdır. Ancaq torpaq sahəsinin hamısını yox bir hissəsini.

Şəmsəddin Hacıyev sonra dərbəndli fırıldaqçıya kürəkəni, YAP gənclər təşkilatının sədri Seymur Orucovu da qoşub. Bundan sonra hər şey sadə sxem üzrə qurulub: – 2009-cu ilin sonunda Dağıstan Respublikası üzrə Federal qeydiyyat idarəsi xidməti Hacıyevlə Orucov arasında alqı-satqı haqda yeni müqavlə imzalayıb. Bundan sonra belə desək Seymur Orucovun özü əvvəlki torpaq sahəsinin parçasını yenidən İqtisad Universitetinə satıb. Fikirləşirsiniz ki, məsələ bununla bitir? Təəssüf ki, yox. Qaçaraqda Ş.Hacıyev artıq özü sahibləndiyi həmin hektardan bir hissəni saxlayaraq sonadək talan etdiyi ADİU-nun həmin torpaq hissəsində inşa edilmiş hansısa inzibati tikilini 3 dəfə satışa yönəldərək guya professor müəllim heyətinin öz rəhbərindən satın alırmış kimi daha bir saxta sövdələşmə imzalamaqla, ilkin qiyməti 10 dəfədən artıq şişirtməyə nail olub. Torpaqla əlaqədar möhtəkirliyə və ali təhsil müəssisəsinin filialının təşkil olunması ilə bağlı məsələyə ilk olaraq Rusiya hüquq-mühafizə orqanları diqqət çəkir və Dağıstan prokurorluğu Bakı filialının qeyri-qanuni fəaliyyət göstərməsi ilə bağlı cinayət işi açıb. Filiala həqiqi lisenziya almağa on ildən çox bir müddət keçdikdən sonra ADİU-nun indiki rəhbərliyi nail olub.

Dağıstan prokurorluğunun Ş.Hacıyevin fəaliyyəti ilə bağlı kifayət qədər ciddi təhqiqatlarına baxmayaraq o, hansısa yolla işi ört-basdır etməyə nail oldu. Lakin dələduzu bu sənətə və havayı pullara olan sevgisindən dayandırmaq olardımı? Ş.Hacıyev yeni bir avantürist işlərə baş vurur. Bu zaman o, öz universiteti qismində artıq dövləti deyil, bilavasitə öz həmkarlarını aldadır.

Rektor öz əməkdaşlarına universitetin nəzdində mənzil-tikinti kooperativi yaratmaq şərtilə Mir Cəlal küçəsində, daha doğrusu, şəhərin mərkəzində ev tikdirməyi vəd edir. Beləliklə, təsisçisi Hacıpaşa Muradov olan “İqtisadçı-H” kooperativi yaradılmış olur. Ancaq bir müddətdən sonra rektor mənzilləri üçün artıq pulun böyük hissəsini ödəyən universitetin əməkdaşlarına mənzillərin verilməməsi, lakin kənara satılması məqsədilə 2005-ci ilin may ayında Bakı Şəhər İH başçısı H.Abutalıbova məktub ünvanlayaraq, mənzillərin satışının icazəsinin “İqtisadçı-H”-dan alınaraq öz qohumlarını təyin etdiyi yeni yaradılan “İqtisadçı-2005″ kooperativinə verilməsini xahiş edir.

5 ildən sonra artıq binanın tikintisi başa çatsa da Ş.Hacıyev, necə deyərlər, öz dosent- professorlarına “ataraq” mənzilləri müxtəlif lazımlı dost və qohumlarına satır. Belə ki, iqtisadçı alimlər üçün nəzərdə tutulmuş mənzillərə deputat Eldar Quliyevin qohumu Yelena İsmayılova, keçmiş deputat İbrahim İsayevin arvadı Faciə Zeynalova, rektorun qızı və kürəkəni köçürlər.

Bütün bu əməliyyatlardan uğurla çıxaraq, külli miqdarda vəsait əldə edən Ş. Haciyev iştahasının qarsısında dura bilməyərək, dərhal yeni işdən yapışır. O, Quba rayonunun füsunkar Nüqədi-2 kəndində guya ADİU-nun müəllimləri və tələbələri üçün sağlamlıq mərkəzi tikdirmək adı ilə dövlətdən yer ayırmağa nail olur. Mərkəzin tikintisi üçün 4 milyon 300 min nəzərdə tutulan ilkin smeta bir müddətdən sonra fantastik rəqəmə, 7 milyon 200 minə çatdırılır. Hazırda bu tikintinin faktiki olaraq neçəyə başa gəlməsi və sonralar bu mərkəzdə kimlərin istirahət etməsi hələ də müstəntiqlər tərəfindən araşdırılır.
Demək lazimdır ki, savadlı mütəxəssis hesab olunan universitet rektoru öz iqtisadçı təfəkküründən istifadə edərək dövlət büdcəsinə və tabeçiliyində olanların ciblərinə bax beləcə əl qoyub…”