Şəmsəddin Xanbabayevin “stadion biznesi” – FOTO

Xaçmaz şəhəri, Cəfər Cabbarlı adına 6 saylı tam orta məktəbin stadionu naməlum şəxslərə həyətyanı sahə kimi satılıb.

Bu barədə Yenicag.az-a məlumat verən rayon sakinləri bildirib ki, bir müddət əvvəldən başlayan bu qanunsuz satışlara görə məktəbin ərazisi nəzərə çarpacaq dərəcədə kiçilib. Şikayətçilər iddia edir ki, rayon rəhbərliyi heç nəyə məhəl qoymadan öz “alverindədir”.

İddialara əsasən, zaman-zaman məktəbin həyətinin ərazisini müxtəlif şəxslərə satan rayonun vəzifəli şəxsləri indi də təhsil ocağının stadionunu satıb. Bu da həmin ərazidə yaşayan sakinləri və valideynləri hiddətləndirib.

Rayon rəhbərliyi mediaya ciddi cəhdlə ərazinin satılmadığını, orada gedən təmir-tikinti işlərinin yalnız məktəbin hasara alınmasına xidmətin etdiyini iddia etsələr də, sakinlər buna inanmır.

Adlarının çəkilməsini istəməyən yerli sakinlər bildirirlər ki, rayon icra hakimiyyətində çalışan müxtəlif vəzifəli şəxslər ərazini 12 min manat borcun müqabilində bir nəfər sahibkara bağışlayıblar. Şəhərdə gəzən söz-söhbətlərdən məlum olur ki, rayon icra hakimiyyəti başçısı Şəmsəddin Xanbabayev Xaçmazda apardığı quruculuq işləri zamanı bir nəfər sahibkardan külli miqdarda materialı borca alıb. Daha sonra o pulun əvəzində məktəbin stadionunu “satmaq” qərarına gəlib.

Yerli sakinlər icra hakimiyyətinin “ərazinin hasarlanması” bəhanəsinə inanmadıqlarını söyləyirlər:
“Əvvəl də belə deyərək, məktəbin bütün ərazisini satıblar. İlk öncə hasara çəkmək adı ilə tikintiyə başlayırlar, sonra isə məlum olur ki, yerin “kupçası” da hansısa yollarla əldə olunub və ərazi başqasının mülkiyyətidir”.

Məsələyə münasibət öyrənmək üçün bu gün bir neçə dəfə rayon icra hakimiyyətinin rəsmi internet saytındakı telefonlarla əlaqə saxlamağa cəhd etsək də, cavab verən olmadı. Ancaq arzu edərlərsə, onların da mövqeyini işıqlandıra bilərik.

Səxavət Məmməd