!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Sən ağlama, dayanamam…

!Reklam – Yazi

Səhər “facebook”u açıram, ana səhifəm “Qəşəng qızlar, yaraşıqlı oğlanlar” qrupunu xatırladır. Futbol barəsində ərgən-ərgən statuslar… Millimizin ötən gecə Malta qarşısında biabırçı nəticəsini qınamaq əvəzinə, Mahir Mədətova dəstək kampaniyası başladılıb.

Qızlar qol vurma məhdudiyyətli futbolçunun tərəfini saxlayır. Ofsaydın nə olduğunu, kubok matçında qələbəyə görə 3 xal verilmədiyini son 4-5 ayda öyrənənlər aman vermir. Biri özünü Şansal Büyüka kimi aparır, digəri də Erman Toroğlu…

“Qarabağ”ın rəsmi “facebook” səhifəsində isə təkcə Sezen Aksunun “Sən ağlama” mahnısı çatışmır. O da paylaşılsa, vəssalam. Nə var ki, Mahir Malta ilə oyundan sonra oturub ağlayıb. Futbolçu biabırçı nəticədən sonra hırıldamalı deyil ki, ağlamalıdır də. Öz meydanında 455 min əhalisi olan, futbolçusu “santexnik”, aşbaz, işləyən, futbola ikinci iş kimi baxılan ölkənin yığmasını uda bilməyən başqa nə etməlidir ki? Mən deyərdim ki, Mahir ağlamaqla yola verib, futbolu normal olan ölkənin oyunçusu olsaydı, utandığından yerə girərdi.

Düzdür, Mahir Azərbaycan çapında yaxşı futbolçudur. Amma əvəzedilməz də deyil. Buna görə də Qurban Qurbanovun inadını anlamaqda çətinlik çəkirəm. Təcrübəli mütəxəssis uğursuzluğuna rəğmən Mahiri start heyətdə meydana buraxmaqla ona dəstək çıxdığını düşünürsə, yanılır. Çünki artıq Mahirdə rəqabətsizlikdən yaranan arxayınlaşma var. Milli komanda “Qarabağ” deyil ki, Çempionlar Liqasında “Neftçi”nin, “Qəbələ”nin futbolçusunu oynada bilməyəsən… Yox, əgər milliyə də “Qarabağ”ın təlim-məşq toplanışı kimi baxılırsa, onda susaq, nə yazaq, nə də danışaq. Farer adaları ilə oyundan öncə klubun rəsmi səhifəsində buraxılan “quş”a baxmayaraq, bunun belə olduğuna inanmaq istəmirəm. Yəqin ki, ayrı-seçkilik edən aidiyyatı şəxslər səhvlərini başa düşüblər.

Gəlin 2 il əvvələ boylanaq. Can üstə olan “Bakı”da çıxış edən 18 yaşlı Mahir Mədətovu tanıyan neçə nəfərik? “Like” edin sayımızı bilək… Yəqin ki, indi onu müdafiə edənlərin 90 faizi Mədətovu “Qarabağ”a transfer olunandan sonra tanıyanlardı.

2 il sonra isə Mahir özünü karyerasının zirvəsində sanır. Niyə sanmasın axı?.. Adam Avropa Liqasının qrupunda çıxış edib, Çempionlar Liqasının qrupunda “Roma”, “Atletiko”, “Çelsi” kimi komandalara qarşı oynayıb, Raca Nainqqolanla kəllə-kəlləyə gəlib, millimizin heyətində hər hansı yolla İslam Oyunlarının qızıl medalını qazanıb və s.

Vəssalam, bununla Mahir futbolda öz sözünü deyib, indi oynamasa da olar, hə?

Sən Allah bəsdir, Mahir Mədətov nə oyunçudur ki? “Beşiktaş”ın belə bəyənmədiyi futbolçudur də. Camaatın 18 yaşlı futbolçusu Avropada at oynadır, bizimkilər hələ də eşşək minməyir…

Görmüşük ki, futbolçu edilən tənqidlərdən nəticə çıxarıb, növbəti oyunu ilə azarkeşlərin könlünü fəth edər. Yoxsa, hər bərbad oyundan sonra sosial şəbəkədə azarkeşlərə, onu tənqid edənlərə “vorovskoy” sözlər soxmaqla ərgənlik nümayiş etdirməz.

Nədənsə, Mahir Mədətov deyiləndə gözümün önündə Arda Turanın qaqa obrazı canlanır. Təki taleyi oxşamasın…

Emin Səfərov

www.yenicag.az

3399
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv