Sən təlxəksən, aktyor yox – Cəvahir Nehru yazır

Son vaxtlar tez-tez rastıma çıxır. Bəzi özlərini sənətin ası sayanlar sosial şəbəkələrdə gileylənir, paylaşımlar edirlər ki, ay nə bilim, istedad itib-batır, bunları niyə teatrda işə götürən, filmə çəkən yoxdur-zad… Fikirləşirsən ki, ay balam, bəlkə bunlar doğrudan da istedaddır, gözümüzün qabağında əriyib-gedir, xəbərimiz yoxdur.

Kiçik bir araşdırma aparırsan ki, görüm, bunlar hansı istedadın sahibidir, hansı tamaşalarda tutarlı bir obraz yaradıblar, hansı filmə çəkiliblər, kino, teatr adına hansı sanballı bir işin yiyəsidirlər?.. Nə qədər axtarırsan, araşdırırsan, baxıb görürsən, yox, ortada bir iş yoxdur. Danışdıqları isə sabun köpüyündən başqa bir şey deyil. Adamlar vur-tut bir-iki ucuz, şit, bayağı, “ət tökən” serialda çəkilib. Çəkilib deyəndə ki, sözün əsl mənasında təlxəklik edib və bundan sonra Çarli Çaplin moduna girərək, özünü dahi aktyor hesab etməyə başlayıb.

Ay adam, ay özünü as aktyor hesab edən şəxs, təlxəklik başqa şeydir, aktyorluq başqa. Bütün günü “mən-mən” deyib, özün özünü tərifləyirsən, rejissorları, teatr rəhbərlərini qınayırsan, başqalarını pisləyib, ha özünü dağ başına qaldırmağa çalışırsan, amma sən o deyilsən axı. Barmağını qatla, heç olmazsa, yaratdığın obrazın çox demirəm, bircəciyinin adını söylə. Həmin tamaşa, yaxud da filmdən bir səhnəni, bir kadrı paylaş, qoy hər kəs məharətini görsün. Əgər doğrudan da istedad sahibisənsə, inan ki, hər kəs səni alqışlayacaq, tərifləyəcək. Heç itib-batmayacaqsan, o istedad mütləq şəkildə üzə çıxacaq. Bax, o zaman heç özünün özünü tərifləməyinə, aktyor kimi özünü sənətə pərçim etməyinə də sırımağına, özünü ucuz düşürməyinə də ehtiyac qalmayacaq.

Amma ortaya çıxarası bir obrazın yoxdur axı… Sənətkarlıqdan dəm vurursan… Heç sənətkarlar özlərinə sənətkar demir, amma sən düşmüsən ortalığa, qanmadığın sənət barədə moizə oxuyursan, özünə sənətkar deyirsən. Özünüzü urvatsız etməyin, ayıbdır, vallah. Gedin, bacardığınız işin qulpundan yapışın.

COP29