“Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə”yə dəyişiklik edildi

Bundan sonra Azərbaycanda sənaye məhəlləsini dövlət və bələdiyyə torpaqları ilə yanaşı, xüsusi mülkiyyətdə olan torpaqlarda da yaratmaq mümkün olacaq.

Yenicag.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin dəyişiklik etdiyi “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə”də öz əksini tapıb.

Baş nazir Əli Əsədovun bununla bağlı imzaladığı qərara əsasən, idarəedici təşkilat sənaye məhəllələrinin və onların rezidentlərinin reyestrini yaratmalı, həmin reyestrin aparılmasını və reyestrə daxil edilmiş məlumatların müntəzəm yenilənməsini təmin etməlidir.

Reyestrə sənaye məhəlləsinin yaradılması barədə aktın tarixi, nömrəsi və növü, yaradılmasının məqsədi, fəaliyyət profili, ərazisinin ölçüsü, yerləşdiyi inzibati ərazi vahidi, qeydiyyat tarixi və nömrəsi barədə məlumatlar daxil edilir. Bu məlumatlar ölkə Prezidenti qərar qəbul etdikdən sonra 10 iş günündən gec olmayaraq reyestrə daxil edilməlidir.

İdarəedici təşkilat sahibkarlıq subyektinin özəl sənaye məhəlləsinin qeydiyyata alınmasına dair təklifinin kağız daşıyıcıda və yaxud elektron qaydada təqdim edildiyi gündən 10 iş günü müddətində həmin təklifin bu Əsasnamənin tələblərinə uyğunluğunu yoxladıqdan sonra özəl sənaye məhəlləsini qeydiyyata alır, bu barədə məlumatları reyestrə daxil edir və sənaye məhəlləsinin reyestrdə qeydiyyata alınmasını təsdiq edən sənədi sahibkarlıq subyektinə elektron qaydada təqdim edir və yaxud sifarişli poçt göndərişi vasitəsilə göndərir.

Bundan başqa, qərarla idarəedici təşkilat və operator sənaye məhəlləsinin rezidenti kimi fəaliyyət göstərə bilməz. Özəl sənaye məhəlləsinin yaradılması barədə qərar qəbul etmiş sahibkarlıq subyekti və ona aidiyyəti olan şəxslər həmin sənaye məhəlləsinin rezidenti olduqda, onların sayı sənaye məhəlləsinin digər rezidentlərinin ümumi sayından çox ola bilməz.

COP29