Deputat sənaye parklarının 7 il müddətinə bütün vergilərdən azad edilməsinin daha 3 il müddətinə uzadılmasına etiraz edib: “Sənaye parkların salınmasına 3,3 milyard dollar xərclənib, 1,5 milyard manata yaxın məhsul istehsal olunub, 300 milyon manatdan çox məhsul xaricə ixrac edilib. Bizi nə məcbur edir ki, sənaye parklarının güzəştini daha 3 il müddətinə uzadaq? Onlar nə əmlak, nə də gəlir vergisi verirlər. 7 il müddət kifayət etmədi ki, bu sənaye parkları rentabelli vəziyyətə gəlib çıxsınlar? Orada yalnız özəl sektor deyil, dövlətin də vəsaiti var. SOCAR Sumqayıtda müəyyən sənaye parkları yaradıb və kifayət qədər vəsait qoyub. Mən bu müddətin uzadılmasının əleyhinəyəm. Xahiş edirəm bu məsələyə yenidən baxılsın. 7 il bəs edir ki, həmin texnoparklar normal işləsin”.
V. Əhmədov bildirib ki, publik hüquqi şəxslər dövlət üçün bir bəladır: “Adını dəyişdiriblər, amma heç nə dəyişməyib. Faktiki olaraq dövlət büdcəsində maliyyələşən təşkilatlardır. Onları da biz müəyyən müddətə görülən işlərdən və xidmətdən azad edirik. Bu nə ilə əlaqədardır, bunu da bilmək istərdim”.