!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Sənədlərini qaydaya salmırlar, sonra onu-bunu ittiham edirlər" - Toğrul Allahverdili Rusiyadakı azərbaycanlılardan danışır - Video

!Reklam – Yazi

Diaspora məsələləri üzrə ekspert, ASGA-nın Rusiya Nümayəndəliyinin rəhbəri Toğrul Allahverdilinin Yeniçağ.az-a müsahibəsini təqdim edirik.

– Həm Azərbaycan, həm Rusiya neft ölkəsi kimi tanınır. Hazırda Rusiyada müəyyən iqtisadi çətinliklər yaşanır. Belə bir vaxtda azərbaycanlıların Rusiyada durumunu necə qiymətləndirirsiz?

– Bildiyiniz kimi Avropa və Amerikanın Rusiyaya qoyduğu sanksiyalar təbii ki, son üç ildə həmin ölkəyə təsirsiz ötüşməyib. Bu ölkənin iqtisadi durumunda baş verən geriləmələr daha çox Rusiya iqtisadiyyatının təməl prinsiplərini özünə cəlb edən azərbaycanlılara təsir göstərib. Çünki azərbaycanlılar Rusiya iqtisadiyyatına böyük töhfələr verirdi. Böyük biznes mərkəzləri, bazar sistemləri, ticarət obyektləri azərbaycanlıların əlində cəmləşmişdi. Bu baxımdan ziyan Rusiyada yaşayan azərbaycanlılardan yan keçməyib, son illər isə vəziyyət daha da pisləşib. Yüzlərlə soydaşlarımızın ticarət, iaşə obyektləri, restoranları bağlanıb. Görünən budur ki, yaxşılığa doğru heç bir irəliləyiş yoxdur. Böhran günü-gündən öz sözünü deməkdədir.

– Bildiyiniz kimi Rusiya Avropanın bəzi ölkələrinə qarşı antisanksiyalar tətbiq edib, bu arada Azərbaycan meyvə-tərəvəzləri və digər məhsulları üçün bazarlar boşalıb. Hazırda bu ölkədə Azərbaycan iqtisadiyyatına dəstək olan məhsullarin çoxaldığını müşahidə edirsiz, yoxsa?

– Təbii ki, biz bu gün bazara nəzər salsaq deyə bilərik ki, Türkiyə-Rusiya arasında anlaşılmazlıq olan zaman Rusiyada daha çox Azərbaycan məhsullarına ehtiyac yaranmışdı. Bilirik ki, bəzi məhsullar Türkiyədən gətirilirdi. Məsələn, Azərbaycan zeytunun xarici bazara çıxdığını mən heç vaxt görməmişdim. Bunun şahidi oldum. Onu da qeyd edim ki, əvvəllər Azərbaycan məhsulları yalnız Rusiyanın böyük marketlərində satılırdısa, bu gün kiçik mağazalarda da məhsullarımız görünməyə başlayıb.

– Rusiyada Azərbaycan diasporalarının fəaliyyəti barədə danışardınız?

– Son 3-4 il ərzində doğrudan da diasporalarımız əməli iş fəaliyyətini gücləndirib. Elə götürək, Xocalı soyqırımı ilə bağlı anım tədbirlərini… Əvvəllər bir masa ətrafında yığışıb, özümüz deyib, özümüz də eşidirdik. Amma həmin tədbirlərdə nə rus, nə də digər əcnəbi iştirak etmirdi. Son illərdə isə Xocalı faciəsi ilə bağlı keçirilən anım mərasimlərinə Rusiyanın Dövlət Duması, millət vəkilləri və digər rəsmiləri qatılır, onlar da bizimlə bərabər Xocalıya ədalət tələb edirlər. Düşünürəm ki, bu da Rusiyada Azərbaycan diasporu və lobbiçiliyin bir uğurudur. Onu da vurğulamaq yerinə düşər ki, Azərbaycan diasporu bu gün lobbiçiliyə keçid mərhələsinə qədəm qoyub.

– Bir çox azərbaycanlılar Rusiyada fəaliyyət göstərən diasporalar arasında gedən anlaşılmazlıqdan, rəqabətdən danışır. Sizcə, bu, nədən qaynaqlanır?

– Təbii ki, iş olan yerdə problemlər də olmalıdır. Bəziləri diasporalara qazanc mənbəyi kimi baxır. Xalq şairimiz Sabir Rüstəmxanlının gözəl bir sözü var: “Diaspora bir könül işidir, vəzifə deyil, kimsə bura qazanc mənbəyi kimi baxacaqsa, inkişaf edə bilməyəcək”. Bu anlaşılmazlığı yaradan şəxslər də məhz həmin insanlardır. Bu hal Ukraynada da baş verir, Türkiyə, Amerika, eləcə də Avropa ölkələrində də. Amma bu məqam daha çox Rusiyada diqqət çəkir, ona görə ki, toplu olaraq, bu ölkədə 200-300 rəsmi qeydiyyatdan keçmiş diasporalar var. Ona görə də narazılıqlar daha çoxdur. Əslində, diaspora rəhbərləri belə neqativ halların yaranmasına imkan verməməlidirlər. Çünki diasporalar say etibarı ilə nə qədər çox olarsa, fəaliyyətimiz bir o qədər də uğurlu olar. Yetər ki, hamılıqla eyni hədəfə vuraq. Narazılıqların əsas səbəbi həm də koordinasiyanın olmamasındadır.

– Bilirsiniz ki, soydaşlarımız sənəd problemləri ilə qarşılaşır, hətta bəzən polisə düşürlər… Bu və digər xoşagəlməz hallar yarandıqda diasporalar nə kimi yardım göstərə bilirlər?

– Onların səhlənkarlığı və qanunu bilməmələri çox vaxt belə neqativ halların yaranmasına gətirib çıxarır. Əminliklə deyə bilərəm ki, burada diaspora və səfirliyin heç bir günahı yoxdur. Bəlkə də bu sözlərimə görə məni qınayacaqlar, amma deməliyəm. Tutalım, Bakıdan Rusiyaya gedirəmsə, sənədlərimi qaydaya salmaq üçün Rusiya hökuməti mənə bir həftə vaxt verir. Öz səhlənkarlığımız üzündən heç bir xərc tələb etməyən bu qaydaya əməl etmirik. Poçt şöbəsi, yada miqrasiya idarəsinə gedib, üç ay qeydiyyata alınmalısan. Soydaşlarımız bu qaydaya riayət etmir, sonra da diasporaları günahlandırırlar. İşləmək üçün gedənlər isə rəsmi qaydada patent alıb, vergi ödəməlidirlər. Əks halda, neqativ hallarla qarşılaşırlar.

– Bəs tələbələrin kütləvi şəkildə deport olunmasını nəylə izah edərdiniz?

– Bu, acınacaqlı vəziyyət idi. Hər halda, qeyri-rəsmi məlumatdır, deyilənlərə görə, tələbələri deport edənlərdən biri erməni millətinə məxsus qadın imiş. Azərbaycanlılara deport qoyurmuş ki, geri qayıda bilməsinlər. Dövlətimiz sağ olsun, bu məsələ araşdırıldı. Bildiyimə görə günahkarlar tapıldı və həmin qadın vəzifəsindən azad olunub. Son illərdə deport sayının azaldığını da deyə bilərəm.

– Soydaşlarımız Azərbaycana qayıtmaq istəyirlərmi, yoxsa elə ailə qurub, birdəfəlik Rusiyada yaşamaq niyyətindədirlər?

– Sevindirici haldır ki, bizim millət Rusiyada tutduğu yüksək vəzifə və biznes fəaliyyətlərindən asılı olmayaraq, gec-tez Azərbaycana qayıdacaqlarını düşünürlər. Bu o deməkdir ki, ürəklərində Vətən sevgisini yaşadırlar, amma digər tərəfdən baxanda onlar yaşadıqları ölkəyə və topluma inteqrasiya etmək istəmirlər. Dünya Azərbaycanlılarının Qurultayında ölkə Prezidenti belə fikir söylədi ki, yaşadığınız ölkənin vətəndaşlığını qəbul edin, həmin ölkəni sevin, iqtisadi-siyasi həyatında iştirak edin. Amma təəssüf ki, soydaşlarımız işləmək qüvvəsini itirib, Azərbaycan üçün yararsız hala düşdükdən sonra Vətənə qayıdırlar. Bu prinsiplə ki, gəzdim-dolandım, sonda gedim öz torpağımda dəfn olunum.

– Rusiyada kiçik və orta sahibkarlar dövlət tərəfindən dəstəklənir. Bəs Azərbaycandan gedən iş adamlarının sahibkarlıq fəaliyyəti hansı səviyyədədir?

– Bildiyiniz kimi Rusiya və Azərbaycanın dövlət başçıları mütəmadi olaraq görüşlər keçirir və hər bir görüşdən sonra iki ölkə arasında iqtisadi inkişaf daha da güclənir. Bu gün Rusiyadakı azərbaycanlı biznesmenlər qanun çərçivəsində fəaliyyət göstərib, dövlət vergisindən yayınmırlarsa, heç bir qurum tərəfindən incidilmir. Əksinə, onlara Rusiyaya investisiyalar yatırılması üçün dəstək verilir. Bilirsiniz ki, Azərbaycanın xarici səfirliklərdə ticarət attaşeləri yaradılmasına qərar verilib. Belə bir qurum ən böyük dostumuz olan Rusiyada da fəaliyyətə başladı. Söhbət Rusiyada azərbaycanlıların rəsmi ticarət nümayəndəliyindən gedir. Qeyri-rəsmi məlumata görə, Rusiya bazarında artıq Azərbaycan brendi adlı mağaza da fəaliyyət göstərir. Məhsullarımız öz mağazalarımızda satılacaq.

– Bildiyimiz kimi iki dövlət arasında münasibətlər müəyyən vaxtlarda həm yaxşı, həm də pisə doğru dəyişib. Ümumilikdə, Rusiyanın dövlət siyasəti, orada yaşayan azərbaycanlılara münasibəti necədir?

– Rusiya dövlət başçısı ölkəsinin mənafeyini hər kəsdən yüksək tutur. Təbii ki, orada yaşayan soydaşlarımız Rusiya əleyhinə addım atmadıqca, maraqlarına qarşı çıxmadıqca vəziyyət yaxşı olur. Əks halda, təbii ki, neqativ hallar yaşanır. Bu gün Azrbaycanda orta təhsil müəssisələrində rus dili tədris olunur, Mədəniyyət mərkəzi, Rus Dram Teatrı fəaliyyət göstərir, eləcə də Rusiya ali təhsil ocaqlarının filialları yaradılıb – bütün bunları görən Rusiya hökuməti əlbəttə ölkəmizə rəsmi olaraq, dost nəzərlərlə baxır.

– Keçən il Qarabağ müharibəsində son 20 ilin böyük hadisəsi yaşandı – 4 gün davam edən döyüşlərdən sonra 2 min hektar ərazimiz azad olundu. Bax həmin vaxt Rusiyada yaşayan azərbaycanlılar hansı əhval-ruhiyyədə idi, ermənilərlə Azərbaycan diasporaları arasında münasibət hansı müstəvidə idi, toqquşmalar oldumu, ümumilikdə, durum necə idi?

– İnanın ki, telefonlarımız susmurdu. Rusiyada bütün regionlarda yaşayan soydaşlarımız istər sosial şəbəkə, istərsə də telefon vasitəsi ilə bizimlə əlaqə yaradırdılar. Hər kəs bizə müraciət edib, döyüşmək üçün Azərbaycana getmək istədiklərini deyirdilər. Biz Azərbaycanın Ali Baş Komandanına məktub ünvanladıq. Həmin müraciət Prezidentin rəsmi internet səhifəsində dərc olundu.

Minlərlə soydaşımızla səfirliyin qarşısına toplaşdıq; hər kəs işini-gücünü atıb, Azərbaycana qayıtmaq üçün cavab gözləyirdi. Həmin vaxt ölkə rəhbəri səfərbərliyə ehtiyac olmadığını bildirdi. Bu yaxınlarda da Qarabağda döyüşlər gedən zaman eyni hadisə təkrarlandı. Erməni diasporaları həmin vaxt Rusiya polisindən kömək də istəmişdi ki, onların qərargahlarını qorusunlar. Biz həmin vaxt tələbələrə, digər soydaşlarımıza deyirdik ki, münaqişəyə getməyin, bəzi insanların dəyirmanına su tökməyin. Bu məqsədlə dəyirmi masalar keçirtdik, tələbələrlə görüşdük, onlara anlatdıq ki, bizim savaş meydanımız Rusiya deyil, Qarbağdır; əgər münaqişə yaransa, bu, bizim ziyanımıza işləyəcək.

– Bəs Rusiyanın siyasi mövqeyi necə idi?

– Bu mövqe hər kəsə bəllidir.

– Bir çoxları deyirdi ki, Rusiya hökuməti dörd gün susdu, neytral oldu.

– Yenə sağl olsunlar, bunu heç gözləmirdik də.

– Rusiya təyyarəsinin vurulmasından sonra Türkiyə ilə münaqişə yaşandı. Həmin vaxt soydaşlarımızın mövqeyi necə idi?

– Əlbəttə, qardaş Türkiyəni dəstəkləyirdi. Baxmayaraq ki, biz bir millət, iki dövlətik. Qardaş olsaq da, maraqlarımız ayrıdır. Hər bir qardaş öz ailəsini qoruyur. Öz marağımızı qorusaq da, həmin vaxt türk marağını da ayaqlar altına atmadıq. Putinlə Ərdoğanın dostlaşması üçün ən böyük işi Azərbaycan gördü. Nazarbayev də öz dəstəyini verdi, bunu da qeyd etmək lazımdır.

– Türkiyədə çevrilişə cəhd zamanı Fətulla Gülənin Rusiyada təhsil ocaqları, eləcə də biznes mərkəzləri fəaliyyət göstərirdi. Həmin ərəfədə Rusiyanın onlara münasibəti dəyişdimi, ümumiyyətlə, bu mübarizədə Ərdoğanı dəstəklədimi?

– Rusiya dövləti birmənalı olaraq, Ərdoğanı dəstəklədi, bu, hər kəsə bəllidir. Qeyd edim ki, Rusiyada “nurçu”ların fəaliyyəti 2012-də rəsmi şəkildə qadağan olunub. Təbii ki, bundan sonra FETÖ-çular boş dura bilməzdi, onlar Azərbaycan diasporası adıyla fəaliyyətlərini davam etdirdilər. Bu gün də davam etdirməkdədirlər. Azərbaycan məktəbi adıyla məktəblər açdılar, Fetonun əsas hocaları, imamları Azərbaycanda bağlanmış Qafqaz Universitetinin məzunlarıdır. Onların adlarını da “Yeniçağ.az” saytı vasitəsi ilə açıqlamışam. Bunlardan biri – Azərbaycan Rus Mədəniyyət və Həmrəylik Mərkəzi demək olar ki, komada olan təşkilatdır, ölü qurumdur. Azərbaycan dövləti tərəfindən FETÖ-ya işləyən adamlar zərərsizləşdirildi, hakimiyyətdən kənarlaşdırıldılar. Buna görə də onlar Rusiyada yaralarını sağaltmaq istədilər. Biz onlara güc yolu ilə də təsir edə bilərik, amma həmvətənlərimizdir, sadəcə qurbandırlar. Onlara yazığımız gəlir deyə, sadəcə xəbərdarlıq edirik ki, bu işdən əl çəksinlər.

– Axı buna görə pul qazanırlar?

– Onlar əvvəl bu işdən gəlir götürürdülər, indi pulları da yoxdur. İstəməzdik onları həbsə atdıraq, ən yaxşısı budur ki, günahlarını yuyub, tövbə etsinlər.

– Rusiya-Türkiyə münasibətləri yaxşılaşır, amma buna rəğmən Suriya məsələsində maraqları üst-üstə düşmür. Necə düşünürsünüz, Suriyadakı bu konflikdən çıxış yolu varmı?

– Bu yaxınlarda Türkiyənin “Sabah” qəzeti Türkiyə-Rusiya münasibətlərinin inkişafına dair mətbuat konfransı keçirtdi. Orada Türkiyə prezidentinin məsləhətçisi iştirak edirdi. O, dedi ki, Türkiyə ilə Rusiya son 6 ayda bir-birinə isti münasibət nümayiş etdirir. Amma Ərdoğanla Putin Suriya məsələsində razılığa gəlmir. Rusiya Bəşər Əsədin hakimiyyətdə qalmasını istəyir. Ərdoğanın bu yaxınlarda Rusiyaya səfər edəcəyini deyən köməkçisi görüşün bu mövzuya həsr olunacağını bildirib. Hətta köməkçi “təki Əsəd hakimiyyətdən getsin, onun istədiyi adam hakimiyyətdə qala da bilər” deyərək öz mövqeyini sərgiləyib.

Nicat Hacıyev

Yeniçağ.az

www.yenicag.az

742
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv