Sənədsiz evlərlə bağlı XƏBƏR VAR – “Bu əmlakların bir hissəsi…”

“Sənədsiz evlərin rəsmiləşməsi üçün ilkin olaraq, həmin ərazilərdə təhlükə yarada biləcək elektrik naqillərinin, kommunikasiya xətlərinin yerləri dəyişdirilməlidir”.

Bunu Yenicag.az-a açıqlamasında əmlak eksperti Elnur Fərzəliyev bildirib.

O, sənədsiz evlərin rəsmiləşməsi və bu barədə növbəti işlərin necə olacağı barədə öz fikirlərini bildirib.

“Azərbaycanda bələdiyyələr 1999-cu ildə yaradıldı. 2007-ci ilə qədər isə bələdiyyələrin torpaq satmaq səlahiyyəti formalaşdı. Bələdiyyə qərarı və sərəncamı ilə alınmış torpaqların zamanda böyük hissəsi sifarişlə təmin olundu. Yalnız digər təyinatlı torpaqlar, qadağan olunmuş ərazilərdə, təhlükəli zonalar üzrə tikilmiş mənzillər, həyət evləri özəlləşə bilmədi. Bu baxımından, həmin evlərin böyük bir hissəsi bu günə qədər sifariş ala bilməyən əmlak formalaşmışdır”.

Ekspert qeyd edir ki, bu gün Azərbaycanda sənədsiz evlərin sayı 500 minə yaxındır:

“Düşünürəm ki, bu əmlakların bir hissəsi zamanla sənədləşəcək. Amma təhlükəli zona olan ərazilərdə, yüksək gərgin elektrik naqillərinin altında tikilmiş evlər yaxud kommunikasiya xətləri altında və vulkanik zonalar ətrafında tikilən evlər qanunvericiliyə əsasən, sənədləşə bilməz. Sözügedən evlər o zaman sənədləşə bilər ki, sadaladığımız kommunikasiya xətləri, yaxud işıq dirəklərinin yerləri dəyişdirilərsə, bu zaman həmin torpaqlar sənədləşdirilə bilər. Hələ ki bu mövzu ilə bağlı gözəçarpacaq bir addım atılmamışdır. Amma hazırkı vəziyyətə əsasən, əhalinin sayı artdıqca, Bakı və Bakıətrafı ərazilərdə kommunikasiya xətlərinin sayı artır. Çünki insanların kommunikasiya ilə təmin olunması üçün yeni xətlərin də çəkilməsi vacibdir”.

Nəzrin Bünyatova