Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən mina və partlamamış hərbi sursatların (PHS) təmizlənməsi əməliyyatları Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Tərtər rayonları və Şuşa şəhəri ərazisində aparılır.
ANAMA-dan Yenicag.az-a verilən məlumata görə, Bərdə-Ağdam, Füzuli (Horadiz)-Zəngilan (Ağbənd) dəmiryolu xətləri, Füzuli-Şuşa, Suqovuşan-Talış-Tapqaraqoyunlu istiqamətində avtomobil yollarının keçəcəyi ərazilər, Füzuli-Şuşa, Ağdam və Tərtər rayonunun Suqovuşan kəndinə çəkiləcək yüksək gərginlikli elektrik xəttinin keçəcəyi ərazinin, Ağdam, Qubadlı və Zəngilan rayonları ərazisində əkin sahələrinin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.
Mina və partlamamış hərbi sursatların təmizlənməsi əməliyyatları əllə minaaxtarma, mexaniki minatəmizləmə maşınlarının və minaaxtaran itlərin dəstəyi ilə həyata keçirilir.
2020-ci il 27 sentyabr tarixindən etibarən aparılmış minatəmizləmə əməliyyatları zamanı 16 586 032 kv.m (1,586 ha) ərazi yoxlanılmış, 9 584 ədəd piyada və tank əleyhinə minalar, 7 081 ədəd partlamamış hərbi sursatlar aşkar olunaraq zərərsizləşdirilmişdir.
Agentlik bir daha bildirir ki, işğaldan azad edilmiş ərazilər minalarla, partlamamış hərbi sursatlarla, tərkibində partlayıcı olan qurğularla və müharibənin partlayıcı qalıqları ilə çirklənmiş ərazilərdir və təhlükəsizlik səbəbindən həmin ərazilərə xüsusi icazə olmadan vətəndaşların girişi qadağandır.