“Separatçı rejim keçirdiyi qondarma “seçki”lərlə nümayiş etdirmək istəyir ki…” – AMİP sədri

“Bu aksiya beynəlxalq hüququn hamılıqla qəbul olunmuş norma və prinsiplərinə qarşı saymazlıqdır”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Dağlıq Qarabağdakı xunta rejiminin koronavirs pandemiyasının yaratdığı risklərə baxmayaraq, keçirdiyi “prezident və parlament seçkiləri”nin beynəlxalq aləmdə tanınmamasını dəyərləndirən Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə deyib.

Arzuxan Əlizadə vurğulayıb ki, ermənilər bəzi beynəlxalq qurumlardakı havadarlarına, erməni lobbisinə və ikili standartlardan çıxış edən bəzi beynəlxalq qurumların mövqeyinə arxalanaraq, belə addımlar atırlar:

“Koronavirus pandemiyasının yayılması təhlükəsi ilə bağlı bütün dünyada qlobal karantin rejiminin hökm sürdüyü və seçkilər də daxil olmaqla, bütün kütləvi tədbirlərin təxirə salındığı bir dövrdə – martın 31-də qondarma rejimin həm “parlament”, həm də “prezident” “seçkiləri”, iki həftə sonra “təkrar seçkilər” keçirməsi birmənalı olaraq, ilk növbədə, dünya birliyinə, beynəlxalq təşkilatlara və beynəlxalq hüququn hamılıqla qəbul olunmuş norma və prinsiplərinə qarşı saymazlıqdır.

Bilirik ki, bir çox beynəlxalq təşkilatlar və dövlətlər separatçıların “seçkilər”ini tanımadıqlarını və onu qeyri-qanuni hesab etdiklərini, “seçkilər”in heç bir hüquqi qüvvəyə malik olmadığını və Azərbaycanın ərazi bütövlüyü, suverenliyini dəstəklədiklərini bəyan etdilər.

Hətta təcavüzkar rejimin bilavasitə idarəedicisi olan Ermənistanın özündə belə, bu dövrə təsadüf edən 5 aprel referendumu təxirə salındı. Çünki dünyanın COVİD-19 pandemiyası ilə mübarizə apardığı, bütün kütləvi tədbirlərin təxirə salındığı dönəmdə seçki keçirilməsi heç bir çərçivəyə sığmırdı.

Bütün bunlara baxmayaraq, qondarma rejim əvvəl “seçki”, mayın 21-də isə hətta “inauqurasiya” mərasimi keçirdi. Ermənilər əlbəttə ki, etdiklərinin heç bir hüquqa söykənmədiyinin və geniş anlamda qəbul edilməyəcəyinin fərqindədirlər. Məqsəd bu qondarma rejimin heç nəyə baxmayaraq, sonadək mövqeyindən çəkilməyəcəyini və “mübarizə”sini davam etdirəcəyini dünyaya nümayiş etdirməkdir.

Ermənilər eyni zamanda, bəzi beynəlxalq qurumlardakı havadarlarına, erməni lobbisinə və ikili standartlardan çıxış edən bir sıra beynəlxalq qurumların mövqeyinə arxalanaraq, belə addımlar atırlar. Ermənistan baş nazirinin o “inauqurasiya” mərasiminə qatılması isə rəsmi İrəvanın təcavüzkar mahiyyətindən xəbər verir. Lakin ermənilərin bu istəyinin həyata keçməsi mümkün olmayacaq. Son sözü xalqımız və Azərbaycan Ordusu deyəcək”.

Gülşən Şərif