Separatçıların dəyişən ritorikası: “Bütün cəhdləri uğursuzluğa düçar olduğuna görə…”

“Vardanyan ümid edirdi ki, yalançı hay-küylə Azərbaycana qarşı hansısa təzyiqlərə nail olacaq”.

Bunu Arayik Arutyunyanın “Artsax”da Ermənistandan daha çox silah olsa da, müharibədən qaçmaq və Azərbaycanla dialoqa getmək lazımdır” sözlərinə münasibət bildirən politoloq Rəfail Becanov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Arayik Arutunyanla Ruben Vardanyanın heç bir fərqi yoxdur:

“Əslində, ikisi də eyni düşüncənin daşıyıcılarıdır. Hər ikisi təkcə Azərbaycanın yox, həm də miskin ermənilərin düşmənidir.

Arutyunyanın açıqlaması başqa çıxış yollarının olmadığını göstərir. Bu o demək deyil ki, Arutyunyan ağıllanıb və ya “sülh göyəçini”dir. Arutyunyan da, Vardanyan da ümid edirdi ki, yalançı hay-küylə Azərbaycana qarşı hansısa təzyiqlərə nail olacaqlar. Qərbin və Rusiyanın dəstəyinə ümid bəsləyirdilər. Azərbaycana sanksiyaların tətbiqinə çalışırdılar. Amma istər beynəlxalq qurumlar, istərsə də ayrı-ayrı Qərb dövlətləri birmənalı şəkildə bəyan etdilər ki, heç bir sanksiyadan söhbət gedə bilməz. Bu, Azərbaycanın dəstəklənməsi deməkdir. Rusiya da bu məsələdə Azərbaycanla qarşıdurmadan çəkinir. Hesab edirəm ki, bütün cəhdləri uğursuzluğa düçar olduğuna görə Arutyunyan belə bir açıqlama ilə çıxış edib.

Qarabağ ərazisində məskunlaşan ermənilərin başqa yolu yoxdur. Onlar başa düşməlidirlər ki, Azərbaycan hökumətinin mövqeyi qətidir. Qarabağ ərazisində məskunlaşan ermənilər ya Azərbaycanın mövcud qanunlarına uyğun yaşamalı, ya da bölgəni tərk edib getməlidirlər. Moskvanın emissarı rolunda Qarabağa göndərilən Ruben Vardanyan prosesi uzatmağa cəhd edir. Görüşlər, yalançı vədlərlə miskin erməniləri aldatmağa çalışır. Amma alınmır və alınmayacaq.

Biz Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında olan ərazidə məskunlaşan ermənilərlə və ya onların separatçı rəhbərlərilə sülh danışıqları aparmırıq. Onlar bizim qanunlara tabe olacaqlar və yaşayacaqlar. Tabe olmayacaqlarsa, ya məhv ediləcəklər, ya da köçüb gedəcəklər. Bu, birmənalıdır.

Sülh Ermənistanla Azərbaycan arasında olacaq. Lakin Ermənistan buna hələlik hazır görünmür. Paşinyan manipulyasiya edir və özünə havadar axtarır. Amma onun da başqa çıxış yolu yoxdur. Hesab edirəm ki, yaxın vaxtlarda Ermənistan rəhbərliyi reallığı tam şəkildə dərk edəcək və sülh müqaviləsi üçün Azərbaycanın şərtləri ilə razılaşacaq”.

Nəsimi Ələsgərli