Separatçıların dünyadan kəsilən ÜMİDİ: “Xaricdən umduqları dəstəyi ala bilmədilər və…”

“Paşinyanın komanda üzvləri separatçıların bu kimi cəhdlərinin yolverilməz olduğunu bəyan etdilər”.

Bu fikirləri ötən il birdəfəlik aradan qaldırılan separatçı rejimin bütün strukturlarının 2024-cü il yanvarın 1-dən “tarixin zibilliyi”nə atılması haqda danışan politoloq İlyas Hüseynov Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, Azərbaycan ordusunun ötən ilin sentyabrında keçirdiyi antiterror əməliyyatları nəticəsində Qarabağdakı qondarma rejimin varlığına son qoyuldu:

“Daha sonra isə erməni nümayəndələrlə baş tutan görüşlərdə Azərbaycanın qəti mövqeyi ortaya qoyuldu və ərazilərimizdə bir daha hansısa qondarma qurumun mövcudluğuna imkan verilməyəcəyi ifadə olundu.

Separatçıların “lider”i Şahramanyan da 2024-cü il yanvarın 1-də qondarma rejimin bütün strukturlarının fəaliyyətinin tamamilə son qoyulacağına dair öz üzərinə konkret öhdəlik götürdü. O baxımdan, separatism artıq tarixə qovuşub.

Lakin son zamanlar separatçıların Ermənistanda baş qaldırmaq cəhdləri də müşahidə olunmaqdadır. Bu isə bir növ “nəbz yoxlanışı” adlandırıla bilər. Yəni separatçılar öz “deputat”larını yığıb İrəvanda “müşavirə” keçirərək Cənubi Qafqazda maraqları olan xarici qüvvələrin bu “fəaliyyət”ə nə reaksiya verəcəyini öyrənməyə çalışdılar.

İlk reaksiya isə elə Ermənistanın baş naziri Nikol Paşinyanın yaxın ətrafından gəldi. Paşinyanın komanda üzvləri separatçıların bu kimi cəhdlərinin yolverilməz olduğunu bəyan etdilər.

Nəticə etibarilə, Azərbaycan əleyhinə aktivləşdirilməsinə cəhd göstərilən separatçı fəaliyyətin Ermənistanın içində yaradılan və xaricdən idarə edilən proses olduğu bir daha üzə çıxdı. Bir sözlə, separatçılar xaricdən umduqları dəstəyi ala bilmədilər. Bu isə Ermənistanın və xarici qüvvələrin artıq Azərbaycanın yaratdığı yeni reallıqları qəbul etdiklərinin göstəricisidir”.

Nəsimi Ələsgərli

COP29