“Azərbaycanın sərvətlərinin talan olunmasına qarşı ekoaktivistlərin keçirdiyi aksiyalardan sonra Ermənistanın alternativ yollarla Qarabağdakı separatçı rejimə silah daşıdığı müəyyən olundu”.
Bunu Ermənistanın alternativ yollarla qanunsuz silah daşımasının qarşısının alınmasının separatçı rejimə vurduğu zərbədən danışan politoloq Elşad Həsənov Yenicag.az-a açıqlamasında deyib.
O bildirib ki, Qarabağda yaşayan erməni əhalinin Azərbaycana inteqrasiyası yalnız separatçı rejimin dağılması ilə mümkün ola bilər:
“Azərbaycan əməliyyat tədbiri keçirərək həmin alternativ yolları nəzarətə götürdü. Video və foto sübutları da BMT və Ermənistana göndərərək əməliyyatların səbəbsiz olmadığını bildirdi.
Azərbaycan Prezidenti Münxen Təhlükəsizlik Təşkilatı çərçivəsində Laçında nəzarət-buraxılış məntəqələrinin qurulmasının vacibliyini vurğuladı. İlham Əliyevin bu sözlərindən sonra Azərbaycan ordusu müəyyən işlər görməyə başladı. Qanunsuz silah daşınan alternativ yollar ordumuzun keçirdiyi əməliyyatların çətinliyinə baxmayaraq, nəzarətə götürüldü.
Üçtərəfli bəyanatın müddəalarına əsasən, Azərbaycan öz ərazilərində nəzarət etməlidir. Bu səbəbdən Azərbaycan keçirdiyi son əməliyyatlarla itki vermədən yüksəklikləri separatçılardan təmizləyərək nəzarəti ələ keçirdi.
Qarabağda yaşayan erməni əhalinin Azərbaycana inteqrasiyası yalnız separatçı rejimin dağılması ilə mümkün ola bilər. Separatçı rejimin terrorçuları ya özləri ərazini tərk etməlidirlər, ya da Azərbaycan onları məhv edəcək. Bu zaman Qarabağda yaşayan erməni əhali Azərbaycana inteqrasiya edə və bizlərlə birgə yaşaya bilər”.
Nəsimi Ələsgərli