Separatçıların silahsızlaşdırılması və ya antiterror ƏMƏLİYYATI: “ABŞ, Rusiya və Türkiyənin buna razılığı var”

“ABŞ, Rusiya və Türkiyənin Azərbaycanın antiterror əməliyyatı keçirməsinə razılığı var”.

Bu fikri Türkiyə və Rusiyanın Cənubi Qafqazda baş verənlərə səssiz qalması, artan gərginlik, Putin-Ərdoğan görüşündən çıxan nəticələri şərh edən politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında səsləndirib.

Yusif Bağırzadə bildirib ki, böyük dövlətlərin əməliyyatlar üçün icazəsi alınıb:

“Baş verənlərin hamısına Rusiya-Ukrayna müharibəsinin birbaşa təsiri var. Türkiyə və Rusiya liderlərinin görüşündən əvvəl Türkiyə xarici işlər naziri Hakan Fidaın Rusiyaya səfəri oldu. Rəcəb Tayyib Ərdoğan Rusiyaya getməli idi. Çünki dünya aclıq ərəfəsindədir. Taxıl sazişini davam etdirmək lazımdır. “Azov” komandirlərinin Ukrayanaya təhvil verilməsindən sonra Rusiya ilə Türkiyə arasında soyuqluq yaranmışdı. Bu səfərlə həm münasibətlər düzəldi, həm də Putin Ərdoğanı əliboş yola salmadı. Bir milyon ton taxılın ixracına icazə verdi. Onun da daşınma xərcini Qatar dövləti öz üzərinə götürdü. Taxıl emal ediləndən sonra 6 Afrika dövlətinə paylanılacaq.

Hesab edirəm ki, liderlərin görüşündə Qarabağ məsələsi də gündəmdə olub. Ərdoğanın səfərindən sonra Rusiya Xarici İşlər Nazirliyinin sözcüsü Mariya Zaxarova Ağdam-Xankəndi yolunun açılmasını məqbul sayır. Böyük ehtimalla separatçı rejimin hərbçiləri ya ordan çıxacaq, ya da məhv olacaq. Kimlər Azərbaycan vətəndaşlığını qəbul etsə, qalacaq. Əgər başqa variant olmasa, Azərbaycan yaxın günlərdə antiterror əməliyyatı keçirəcək. Bununla əlaqədar böyük dövlətlərin razılığı var. ABŞ, Rusiya və Türkiyə tərəfindən buna razılıq var. Bir tək İran qalıb. Hakan Fidanın İran səfərindən sonra bir qədər yumşalma var”.

Səxavət Məmməd