Serbiya prezidenti Kosovonu müharibəyə təhrik etməkdə günahlandırıb

Serbiya prezidenti Tomislav Nikoliç yanvarın 14-də Belqraddan Kosovonun şimalı istiqamətində hərəkət etməli olan qatarın dayandırılmasından sonra Kosovo albanlarını “müharibəyə təhrik etməkdə” günahlandırıb.

Yeniçağ.Az “Report”a istinadən xəbər verir ki, bu barədə “Azadlıq” radiosu məlumat yayıb.

“Dünən (Yanvarın 14-də – red.) biz toqquşma astanasındaydıq”, – deyə T.Nikoliç bildirib.

O qeyd edib ki, Serbiya “öz ərazisinin hər düyümünü”, eləcə də, öz keçmiş Kosovo əyalətini müdafiə edəcək.

Prezidentin sözlərinə görə, orada etnik serblər Kosovo albanları tərəfindən təhlükə altındadırlar.

DW-nin məlumatına görə, T.Nikoliç bildirib ki, “əgər serblər qətlə yetirilərlərsə, biz ora ordu göndərəcəyik”.

Serbiya yanvarın 14-də Belqraddan Mitroviçaya gedən promo-qatarı Kosovoda dəmir yolu xəttinin minalanması barədə xəbər səbəbindən dayandırmaq qərarına gəlib.

Serbiyanın Rusiyadan aldığı qatar serb bayrağının rənglərinə boyanıb və üzərində 21 dildə “Kosovo Serbiyanındır” yazısı olub.

Qeyd edək ki, Serbiya 2008-ci ildə müstəqilliyini elan edən Kosovonu tanımır.

Yeniçağ.Az

COP29