Serbiyadan ETİRAF: “Ermənistana silah göndərilib…”

Serbiya Ermənistana silah-sursat göndərdiyini etiraf edib.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Ticarət naziri Rasim Lyaiç məlumat verib.

O, bildirib ki, Ermənistana qarşı bizdə sanksiya yoxdur.

“2020-ci ildə Ermənistana silahlar bir özəl şirkət tərəfindən verilib, dövlət şirkətləri bu işdə iştirak etməyib. Hansı şirkətdən bəhs etdiyimizi deyə bilmərəm, amma bilirik ki, şirkət əsasən avtomat və tapançalar verir. Anlaşmanın ümumi məbləği isə bir milyon avrodan azdır. Sözügedən yük may-iyun aylarında Ermənistana çatdırılıb,” –  Lyaiç  deyib.

Lyaiç onu da vurğulayıb ki, rəhbərlik etdiyi nazirlikdən əlavə, ixrac icazəsinə Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi də imza atıb.

Qeyd edək ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsini işğal edən və iyulun 12-də strateji Tovuz bölgəsinə hücum edən Ermənistan orada Serbiyadan göndərilən silahlardan istifadə edib.

Xatırladaq ki, Serbiyanın müvəqqəti işlər vəkili Danitsa Veinoviç Azərbaycan XİN-ə çağırılmış və Ermənistana minomyotlar və müxtəlif kalibrli hərbi sursat da daxil olmaqla böyük həcmdə silah-sursatın göndərildiyi bildirilmişdi.