Sərdar Cəlaloğlu ADP-də “fövqəladə vəziyyət” elan edib: “Bütün qərarları özüm verirəm”

“Partiyanın seçili orqanlarının fəaliyyəti dayandırılıb, bütün işləri telefonla həll edirik”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında ölkədə elan olunmuş karantin şəraitində siyasi fəaliyyətin həyata keçirilməsi üsullarından danışan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

Sərdar Cəlaloğlu ölkədə tətbiq edilmiş karantin rejiminə ADP tərəfindən tam əməl olunduğunu bildirib:

“Arada partiyanın qərargahına gedib-gəlirəm. ADP-nin seçkili orqanlarının fəaliyyəti dayandırılıb, partiyaya gediş-gəliş məhdudlaşdırılıb. Bütün işlərimizi telefonla həll edirik. ADP-nin Nizamnaməsinə görə, fövqəladə vəziyyət şəraitində partiyada bütün səlahiyyətlər sədrə keçir. Biz artıq bunu tətbiq etmişik, partiyanın adından istənilən qərarı özüm verirəm.

Amma əsasən, günüm evdə keçir. Telekanallar koronavirusla bağlı bir-iki dəfə dəvət ediblər. Koronavirus təhlükəsinin qarşısını almaq üçün iki vəzifəmiz var. Birincisi, əhali ciddi şəkildə maarifləndirilməlidir. Məlumatsızlığa görə həm koronavirus yayılır, həm də insanlar daha çox əziyyət çəkirlər.

İkincisi isə psixoloji durumla bağlıdır. Elmi cəhətdən də sübut olunub ki, evdə çox qalmaq insan psixologiyasına mənfi təsir göstərir. Ona görə də, telekanallar evdə qalanların çoxluğunu nəzərə alaraq, fərqli proqramlar hazırlamalıdırlar, komediya filmləri və elmi verilişlərin sayı artırılmalıdır”.

ADP sədrinin fikrincə, hökumət indiki şəraitdə üzərinə düşən işləri görməkdədir:

“İngiltərə və İtaliya ilə müqayisədə Azərbaycan daha tez qabaqlayıcı tədbirlər gördü və operativlik göstərdi. Bizdə bu prosesin inkişafı daha çox əhalinin davranışından asılı olacaq. Hökümətin tətbiq etdiyi məhdudlaşdırıcı qaydalara sözsüz əməl olunmalıdır. Ən əsası isə yüksək əhval-ruhiyyədə olmaq lazımdır. Baxın, nə qədər müddətdir, evdəyəm. Bir neçə kitab var ki, onları təkrar oxumağa başlamışam. Mütaliə üçün fürsət yaranıb”.

Cəlaloğlu hesab edir ki, bir çox vətəndaşın məhdudlaşdırıcı qaydaları pozmasının səbəbi məlumatsızlıqdır:

“Birinci Dünya Müharibəsində qarın yatalağı xəstəliyindən 100 milyon adam ölüb. 1920-ci ildə ispan qripindən 80 milyona yaxın adam həlak olub. Koronavirus da bəlkə 1 milyon, bəlkə yarım milyon insanın ölümünə səbəb olacaq. İnsanlar bunu bilməlidirlər, məlumatlanmasalar, vəziyyət çox acınacaqlı olacaq.

Hökumət öz işini görməlidir, fərdlər də özlərini qorumağı bacarmalıdırlar. Əgər fərd özünü qorumasa, dövlətin gördüyü tədbirlərin nəticəsi olmayacaq. Bu pandemiyanın qarşısının alınması üçün birinci növbədə vətəndaşlar maariflənməlidirlər. Dünyada ekoloji çirklənmə nəticəsində viruslar mutasiyaya uğrayır. Hər il yeni bir epidemiyanın meydana çıxması gözləniləndir”.

Səxavət Məmməd

COP29