“Azərbaycanda yaranmış vəziyyətə görə məsuliyyət daşıyan adamlardan biri məhz Etibar Məmmədovdur”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədovun yenidən fəal siyasətə qayıdacağına dair yayılan məlumatlara münasibət bildirən Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.
Sərdar Cəlaloğlunun fikrincə, Etibar Məmmədovun siyasətə qayıdışının heç bir faydası olmayacaq:
“Etibar Məmmədov siyasətdən getdiyini deyəndə hər şey yağ-bal içində deyildi ki, indi deyir, vəziyyət ağırdır. Adama deyərlər, 15-20 ildir ölkə bu vəziyyətdədir, niyə siyasətdən getmişdin? Seçkilər yaxınlaşır, müəyyən qüvvələr Azərbaycandakı gizlin, aşkar sistemlərini fəallaşdırıblar. Ona görə də, bu cür ideyalar meydana çıxacaq.
Hər bir Azərbaycan vətəndaşı siyasətə gələ də bilər, gedə də bilər, ancaq bunu ictimai hadisə, sosial sifariş kimi qələmə vermək demoqoqluqdan başqa bir şey deyil. Xalq nəyə görə Etibar Məmmədovu istəməlidir ki, 20 ildir əzab çəkir, heç yadına da düşməyib, indi seçkilər yaxınlaşanda, birdən-birə səni istədi?
O, siyasətə gələ bilər, ancaq bu qayıdışı belə təqdim etməyin əleyhinəyəm. Guya cəmiyyət tələb edir ki, Etibar Məmmədov siyasətə qayıtsın, xalqı xilas etsin. Etibar Məmmədov 1998-ci ildə bütün müxalifət seçkini boykot edirdi, o getdi seçkiyə. 2003-cü ildə bütün müxalifət İsa Qəmbəri dəstəkəyirdi, o yenə gedib alternativ seçki bloku qurdu. 2005-ci ildə parlament seçkilərində ümumi müxalifətlə bir yerdə olmadı, tamamilə fərqli yol tutdu.
Baxmayaraq ki, o tutduğu heç bir yolda nəticə əldə etmədi, xalqın, seçicilərin parçalanmasına səbəb oldu. Keçmiş təcrübələrə əsasən deyirəm ki, Etibar Məmmədov siyasətə qayıtmasa, yaxşıdır. Onun qayıtması yaxşı heç nə vəd etmir”.
Bununla belə, Etibar Məmmədovla yaxın dost olduğunu vurğulayan Sərdar Cəlaloğlu onun vaxtilə çox ciddi səhvlərə yol verdiyini də xatırladıb:
“İndi bunu hansı formada təqdim edirlər, öz işləridir. Ancaq Azərbaycanda yaranmış vəziyyətə görə məsuliyyət daşıyan adamlardan biri Elçibəyə əsas müxalifət olan Etibar Məmmədovdur, onun partiyası AMİP-dir. Müxalifətin kimliyi ölkənin taleyində çox önəmli rol oynayır. O vaxt Etibar Məmmədov hakimiyyəti müdafiə etsəydi, Rusiyanın planlarının qarşısı alına bilərdi. Belə olsaydı, Azərbaycan tamamilə fərqli tarixi inkişaf yolu keçmişdi. Nə yeddi rayon işğal olunacaqdı, nə də Rusiyanın Azərbaycanı imperialist təsirinə salmaq imkanları yaranacaqdı.
O vaxt AMİP ölkənin ən böyük partiyası idi. Ana müxalifət partiyası kimi yalnış yol tutduğuna görə ölkə bu günə düşdü. Hətta Elçibəyin hakimiyyətdən uzaqlaşdırılmasının da qanun layihəsini onlar hazırlamışdılar. Tarix göstərir ki, Etibar Məmmədovun hakimiyyətə qayıtması, AMİP-in fəallaşması ağır nəticələrə gətirib çıxaran proseslərə təkan verəcək. Keçmişdə bir dəfə də olsun, AMİP-in siyasi fəallığının Azərbaycan xalqına müsbət xeyir verdiyini söyləmək çətindir”.
Səxavət Məmməd