Sərdar Cəlaloğlu: “Pənah Hüseyn “Mənim prezidentim sənsən”,- deyirdi”

“Azərbaycanda yeni müxalifətçilik texnologiyasının hazırlanması üzərində işləyirəm”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında sədri olduğu Azərbaycan Demokrat Partiyasının (ADP) müxalifət daxilində aparılan əməkdaşlıq müzakirələrindən kənar saxlanmasına münasibət bildirən Sərdar Cəlaloğlu deyib.

O, bildirib ki, müxalifətin realist və konstruktiv qanadını bir araya gətirmək üçün yeni təşəbbüs üzərində işləyir:

“Əvvəla, Pənah Hüseynin dediyi qaydada müxalifətin daxilində hansı danışıqların aparıldığından xəbərim yoxdur. İkincisi də siyasi mövqelərimiz arasında hansı fərqlərin olduğunu da bilmirəm.

Çünki Pənah Hüseyn şəxsən mənə zəng edərək, “Mənim prezidentim sənsən” deyirdi. İndi fikrini dəyişibsə, bu, başqa məsələdir. Ancaq onun özü mövqelərimizdəki fərqlərin nədən ibarət olduğunu açıqlasa, daha yaxşı olar.

O, indiyə kimi nə mənim siyasi mövqeyimlə, nə də seçki platformamla bağlı elə bir etiraz bildirib. Lakin onun da seçiminə, fikrinə hörmətlə yanaşıram.

Əgər mənimlə əməkdaşlıq etmək niyyətləri yoxdursa, bu, mənim üçün problem yox, rahatlıqdır. Çox güman ki, Pənah bəy “cəbhəçi qanadı”ndan ayrılmaq istəmir. O “qanad” otuz ildir ki, fəaliyyətində heç nəyə nail olmayıb.

Mən Azərbaycanda yeni müxalifətçilik texnologiyasının hazırlanması üzərində işləyirəm. Bu texnologiya əsasında yeni düşüncəni qəbul edən müxalif qüvvələrin bir araya gətirilməsinə çalışacağıq”.

Qeyd edək ki, Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn Yenicag.az-a bir neçə gün əvvəl verdiyi açıqlamasında siyasi mövqelərdə yaranmış fərqlərə görə ADP-nin müxalifətdaxili müzakirələrə dəvət olunmadığını bildirmişdi.

A.Zeynalov