!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şərəfli ömrün akkordları – Səfir Həsən Zeynalovun 70 illik yubileyi

!Reklam – Yazi

Bu gün müasir Azərbaycan diplomatiyasının ən parlaq simalarından biri olan Həsən Zeynalovun 70 yaşı tamam olur.

Bütün şüurlu həyatını Azərbaycan dövlətçiliyinin inkişafına, onun siyasi və iqtisadi maraqlarının beynəlxalq arenada qorunmasına və təbliğinə, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına həsr edən H.Zeynalov diplomatik fəaliyyətinə 1992-2004-cü illərdə Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi nümayəndəsi kimi başlayıb. 2004-2010-cu illərdə Azərbaycan Respublikasının Türkiyə Cumhuriyyətinin Qars şəhərində Baş konsulu olub. 2010-2015-ci illərdə İstanbul şəhərində Azərbaycan Respublikasının Baş konsulu, eyni zamanda Azərbaycan Respublikasının “Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı” yanında Daimi nümayəndəsi kimi çalışıb. 2015-ci ildən Azərbaycan Respublikasının Türkmənistanda və eyni zamanda Əfqanıstan İslam Respublikasında Fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərir.

H.Zeynalovun həyat və siyasi fəaliyyət yolu heç də hamar olmayıb. Son 30-35 ilin keşməkeşli hadisələri onun da taleyində silinməz izlər buraxıb. Belə ki, o, 1988-ci ildən Azərbaycan xalqının üzləşdiyi faciələrin, üzləşdiyi çətinliklərin, dövlət müstəqilliyimizin bərpası uğrunda gedən şanlı hərəkatın içində, bəlkə də mərkəzində yer tutanlardan biri olub. Həmin illərdə çalışdığı dövlət qurumu tərəfindən göstərilən bütün təzyiqlərə və hətta həbs olunmasına rəğmən, H.Zeynalov milli mübarizə meydanından bir addım belə kənara çəkilməyib. 1990-cı ilin yanvarın 20-də isə erməni separatizminə və azərbaycanlılara qarşı törədilən qətliamlara etiraz edərək küçə və meydanları dolduran insan selinin önündə gedənlərdən biri də H.Zeynalov olub.
1991-ci ildə Azərbaycanın öz dövlət müstəqilliyinə qovuşması, hamı kimi H.Zeynalovun da taleyinə günəş kimi doğdu.

Dahi Heydər Əliyevin yaxın silahdaşı və onun ideallarına daima sadiq bir vətəndaş olaraq bu müstəqilliyi qorumaq, onu əbədi etmək üçün var qüvvə ilə çalışmaq, hər şeyə rəğmən haqqın tərəfində olmaq və ədalət H.Zeynaolov üçün həmişə prioritet məsələlər sırasında olub. Həmin prinsip və ideallar harada yaşamasından və çalışmasından asılı olmayaraq onun bütün həyat və dövləti fəaliyyətini müşaiyət edib. Bu baxımdan H.Zeynalovun diplomatik fəaliyyətinin Türkiyə dövrü çox diqqətəlayiqdir.

Məlum olduğu kimi, 2004-cü ildə H.Zeynalov Azərbaycan Respublikasının Türkiyə Cumhuriyyətinin Qars şəhərində baş konsulu təyin edilərkən iki ölkə arasındakı münasibətlər indiki səviyyədə deyildi. Həmin münasibətləri nizama salmaq, möhkəmləndirmək, ortada suyu bulandırmağa çalışan bədxah qüvvələri zərərsizləşdirmək, xüsusilə də Türkiyə – Ermənistan sərhədlərinin açılması məsələsində təkid edən qaraguruhçuların niyyətlərini puça çıxarmaq H.Zeynalovun qarşısında dayanan bir nömrəli vəzifə idi. O, bu vəzifənin öhdəsindən bacarıqla gəldi və məhz bundan sonra Azərbaycan-Türkiyə münasibətlərində yeni mərhələ başlandı.

İstanbul Baş konsulluğunda çalışarkən isə H.Zeynalov Türkiyə dövlətçiliyi üçün böyük təhdidə çevrilmiş FETÖ-çulara qarşı mübarizə aparmalı olub. Və qürurverici haldır ki, Bakı ilə sıx əlaqədə və iş birliyi şəraitində FETÖ təhlükəsinin aradan qaldırılmasında mühüm rol oynyıb.
Lakin H.Zeynalovun diplomatik fəaliyyətinin İstanbul dövrü bir sıra digər mühüm hadisələrlə də yadda qalıb ki, onların sırasında Azərbaycanın adına layiq yeni konsulluq binasının tikilməsini, konsulluqda həyata keçirilən ciddi kadr islahatlarını, vaxtilə bolşevizm repressiyalarından qaçaraq Türkiyəni özlərinə vətən seçmiş soydaşlarımızın taleyi haqqında məlumatların toplanmasını və s. qeyd etmək olar. Bu məsələlər haqqında H.Zeynalovun 2018-ci ildə çapdan çıxmış “Diplamatın tale yolu” adlı əsərində ətraflı məlumat verildiyindən, üzərində geniş dayanmaq istəmirik.

H.Zeynalovu fərqləndirən əsas cəhətlərdən biri də onun diplomat bacarığı və səriştəsi ilə yüksək mənəvi və insani keyfiyyətlərinin üst-üstə düşməsi və bir-birini tamamlamasıdır. Belə ki, çalışdığı bütün vəzifələrdə hamıya açıq olan H.Zeynalovun gündəliyində “qəbul günü” anlayışı heç vaxt olmayıb. Həm Bakıda, həm də Qarsda və İstanbulda çalışarkən ən sadə Azərbaycan vətəndaşları, hətta tələbələr çox rahat şəkildə onunla görüşmək, zəng edib danışmaq, problem və şikayətlərini demək imkanınan malik olublar. Həmin insanlardan biri olaraq mən bu tezisin altında heç çəkinmədən imza ata bilərəm.

2015-ci ildə H.Zeynalovun Azərbaycanın Türkmənistan Respublikasında Fövqəladə və Səlahiyyətli səfir vəzifəsinə təyin edilməsi ilə həm onun özünün diplomatik karyerasında, həm də Azərbaycan-Türkmənistan münasibətlərində yeni dövr başladı. Bu vaxta qədər az qala “donmuş” vəziyyətdə olan siyasi, iqtisadi, diplomatik və humanitar sahələrdə ikitərəfli əlaqələr geniş vüsət aldı. İki ölkə arasında həm hökumətlərarası, həm pralamentlərarası, həm də ayrı-ayrı dövlət qurumları arasında çoxsaylı görüşmələr baş verdi və müqavilələr imzalandı. Dövlət başçıları səviyyəsində bir sıra qarşılıqlı səfərlər həyata keçirildi. Qısa bir zaman kəsiyində sıravi qonşuluq münasibətlərini qardaşlıq, müttəfiqlik və strateji tərəfdaşlıq münasibətləri əvəz etdi. Təsadüfi deyil ki, bu gün artıq Türkmənistan və Azərbaycan dünya əhəmiyyətli çoxsaylı enerji və nəqliyyat-kommunikasiya layihələrinin müəllifi və iştirakçılarıdır. Bütün bu işlərin ərsəyə gəlməsində isə şübhəsiz ki, Fövqəladə və Səlahiyyətli səfir olaraq H.Zeynalovun danılmaz xidmətləri vardır.

Beləliklə, bu gün ömrünün “70”-ni yola salan hörmətli diplomat H.Zeynalovun hesabat vermək üçün çox sözü, gördüyü çox işləri vardır. Lakin o, bunu etmək əvəzinə, dövlətimizin və xalqımızın qarşıya qoyduğu daha böyük vəzifələrin və işlərin həyata keçirilməsində pay sahibi olmaq haqqında daha çox düşünür. Elə buna görə bizə də çox hörmətli Həsən müəllimə yalnız “Doğum gününüz mübarək” demək və gələcək fəaliyyətində yeni uğurlar diləmək düşər.

Fərid Şahbazlı

www.yenicag.az

493
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv