Sərhəd qoşunları Qərb istiqamətində yerləşdirilir: Mənfi və müsbət tərəflər – VİDEO

Sərhəd qoşunlarının Ermənistanla sərhəddə, Qərb bölgəsinə yerləşdirilməsi gündəmdədir.

Azərbaycanla Ermənistan bir-birinin ərazi bütövlüyünü tanımır, üstəgəl iki dövlət müharibə şəraitindədir. Hər an müharibənin başlamaq ehtimalı olduğu üçün Sərhəd Qoşunlarının Qərb bölgəsinə göndərilməsi birmənalı qarşılanmır.

Məsələ ilə bağlı hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamalar verib.

Tərlan Eyvazov bildirib ki, Ermənistandan başqa bütün qonşu dövlətlərlə qarşılıqlı anlaşma şəklində bir-birimizin ərazi bütövlüyünə hörmət edirik. Dövlət sərhədlərində Sərhəd Qoşunları fəaliyyət göstərir:

“Hər hansı anlaşılmazlıq dövlətlərin sərhəd qoşunları arasında araşdırılır və çözülür. Bizim İran və Rusiya ilə quru sərhədlərimiz tamamilə razılaşdırılıb. Gürcüstanla da 90% sərhəddimiz tam müəyyənləşdirilib.

Ermənistanla SSRİ tərkibində olan vaxtdan yaranmış münaqişəyə görə Ermənistan nə Azərbaycanın, nə də Türkiyənin ərazi bütövlüyünü tanımır. Ona görə də, Ermənistanla Azərbaycan arasında əvvəllər polis bölmələri, ordumuz yarandıqdan sonra isə, ordu bölmələri yerləşdirilib. Ermənistanla Türkiyə arasında olan sərhəddə isə Rusiyanın Sərhəd Qoşunları keşik çəkir. Ermənistan Türkiyənin, Türkiyə isə Ermənistanın ərazi bütövlüyünü tanımadığına görə, orada keçmiş sovet dövründən qalan sərhədlərdə Rusiya Sərhəd Qoşunları xidmət aparırlar. İranla Ermənistan arasında sərhəd var. Bir də, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqları, konkret desək, Qarabağ ərazisidir ki, İranla orada birtərəfli qaydada köhnə sərhədlər qorunur. Yəni Ermənistan tərəfindən orada yalnız patrul xidməti aparılır”.

Azərbaycanla Ermənistan arasındakı sərhədə gəldikdə isə hərbi ekspert qeyd edib ki, orada xidmət aparan Quru Qoşunların Sərhəd Qoşunları ilə əvəz edilməsi mühüm hadisədir:

“Azərbaycan müstəqillik qazanmazdan öncə bu münaqişəyə zorla cəlb olunduğu üçün Silahlı Qüvvələrimiz yarandıqdan bu günə qədər vuruşa-vuruşa formalaşıb. Biz döyüş şəriatində olduğumuza görə, Silahlı Qüvvələrimizin mühüm bir hissəsini cəbhə xəttində yerləşdirməyə məcbur olmuşuq. Cəbhə xəttində yerləşdirilməsi və daim səngərlərdə durmağa məcbur olması qoşunlarımızın hərbi təlimlərə cəlb olunmasını, yüksək hərbi hazırlıq işinin aparılmasını çətinləşdirir. Ona görə də, Qərb bölgəsində sərhəd xidməti keçən, o şəraitə uyğunlaşan və sərhəd xidmətini daha yüksək səviyyədə aparmaq üçün texniki təchizatı və təminatı olan Sərhəd qoşunları xidmət aparacaqlar”.

Ermənistan tərəfinin hücumlarının olacağı təqdirdə atılacaq addımlara gəldikdə isə Tərlan Eyvazov bildirib ki, rəsmi İrəvan Qərb istiqamətində hərbi birləşmələrini saxlamır:

“Qərb istiqamətində Ermənistan tərəfinin Daxili Qoşunları patrul xidməti aparırlar. Onlar arxayındırlar ki, Azərbaycan tərəfi Qərb istiqamətindən Ermənistana hücum etməyəcək. Buna görə onlar da bu istəqamətdən Azərbaycana hücum etməyə hazırlaşmırlar. Ermənistanın bütün hücum qüvvələri Dağlıq Qarabağ istiqamətində cəmlənib. Ermənilərin əsas zərbə qüvvələri Ağdərə, Ağdam, Tərtər istiqamətindədir. Sərhəd qoşunları Qərb bölgəsində xidmət aparacağı təqdirdə orada olan Silahlı Qüvvələrimizi hərbi təlimlərə cəlb edə biləcəyik. Digər tərəfdən hərbi təlimlərə qoşulacaq Silahlı Qüvvələrimiz sərhəddən o qədər də uzaqda olmayacaq və qısa zaman ərzində həmin şərti sərhəddən olacaq hücuma reaksiya vermək qabiliyətində olacaqlar.

Qarabağ ərazisindən keçən təmas xəttində yerləşən qoşunlarımızın da hərbi təlimlərə cəlb edilmə problemləri var. Ona görə də, müəyyən nöqsanlar əmələ gəlir. Qoşunların daim bir yerdə olması və bütövlükdə hərbi birləşmələrin təlimlərə cəlb olunmaması müəyyən problemlər yaradır”.

Zabit və gizirlərin ratasiya qaydasında yerlərinin dəyişdirilməsinin də orduda ən böyük problemlərdən olduğunu deyən hərbi ekspert qeyd edib ki, yerdəyişmə mütləqdir:

“Aparılan müharibələrdə – götürək, Sovetlərin Əfqanıstanda, Rusiyanın Çeçenistanda, NATO-nun Əfqanıstan və İraqda apardığı müharibələrdə zabit və gizirlər 6 ay, 1 ildən artıq xidmət aparmırdılar. Onların yeri ratasiya qaydasında dəyişdirilirdi. Bir zabitin, gizirin 10-15 il bir yerdə xidmət etməsi onun özünün psixakasına və hərbi hazırlığına mənfi təsir göstərir. Mənə elə gəlir ki, bu nəzərə alınmalı və konkret olaraq bu iş genişləndirilməlidir”.

Səxavət Məmməd

COP29