“Sərhəd-Sipər”əməliyyatı: Rusiya ilə sərhədyanı rayonlarda blok-post quraşdırılıb?

“Sərhəd-Sipər” şərti adı altında Rusiya ilə sərhədyanı rayonların ərazisində keçirilən tədbirlərdə Azərbaycan tərəfində hər hansı blok-post qoyulması zərurəti yoxdur.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, ölkələr arasında qarşılıqlı razılaşmaya əsasən informasiya mübadiləsi aparılır.

“Uzun illərdir keçirilən bu tədbirlərin əsas məqsədi sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların icra mexanizminin diqqətdə saxlanılmasıdır”, – məlumatda deyilir.

Qeyd edək ki, internet resurslarda Azərbaycanın Rusiya ilə sərhədyanı rayonlarının ərazisində blok-post qoyulması ilə bağlı məlumatlar yayılıb.