“Sərhədçi”nin kapitanına ləqəb qoydular – “Qoca yaşımda mənə dedilər ki…” – Müsahibə

Kikboks üzrə üçqat Dünya çempionu, “Sərhədçi” İdman Olimpiya Mərkəzinin kapitan rütbəli idmançısı Fuad Zeynalov Yeniçağ.az-a müsahibə verib. O, müsahibəsində həm bir müddət əvvəl yaşadığı qalmaqaldan, həm də ona yeni verilən ləqəbdən danışıb.

– Fuad bəy, deyəsən uzun müddətdir yarışa çıxmırsınız?

– Əslində, hər gün məşqlərimi edirəm, dayandırmamışam. Sonuncu yarışım sentyabrın 25-də olub. Dünya kəməri uğrunda keçirilən döyüşdə qalib gəldim. Həmişə formamı qoruyuram. Sadəcə olaraq, respublika çempionatına qatılmadım. Elə keçənilki məsələlərə görə, respublika çempionatlarında iştirak etməyi düşünmürəm. Ancaq peşəkar döyüşlərə çıxacam, həmçinin Dünya və Avropa çempionatlarında da döyüşəcəm.

– Ötən il Federasiyada sizə qarşı haqsızlığın olduğu, yerli çempionatda bilərəkdən uduzdurulduğunuzu demişdiz. Yəni Federasiya ilə qalmaqal yaşamışdınız, ciddi probleminiz olmuşdu. İndi vəziyyət necədir?

– Əslində, insan əsəbi halda çox fikirlər səsləndirir. Ötən il həm Güloğlan Cabbarov, həm də mən bir-birimizə qarşı müəyyən fikirlər səsləndirmişdik. Ancaq əslində, biz dostuq. Bir söz var “çəkişməsən bərkişməzsən”. Biz də çəkişdik, dostluğumuz daha da gücləndi. Bunlar elə də böyüdüləcək məsələlər deyil.

– Guloğlan Cabbarov sizinlə problemi olan vaxt demişdi ki, “Fuad Zeynalovun peşəkar karyerası bir neçə ildir ki, bitib. Çünki o bir neçə ildir ki, nə qatıldığı Avropa, Dünya çempionatlarında, nə də Azərbaycan çempionatlarında finala yüksələ bilmir”. Bu fikrə münasibətiniz maraqlı olardı…

– Düzdür, 2013-2014-cü illərdə idmana bir müddət ara vermişdim. Demək olar ki, bir ilə yaxın döyüşmədim. Bu da öz təsirini göstərmişdi. Amma yarışlarda II-III yerə qədər gəlib çıxmışdım. Ötən il Avropanın bürünc, Dünya çempionatının isə gümüş medalını qazandım. Qızıl medal olmasa da məncə, bunlar da pis nəticə deyil.

– Sizcə son zamanlar gənclərin kikboksa marağı artıb ya azalıb?

– Həm məşqçi, həm də idmançı kimi deyə bilərəm ki, kikboks üçün zala gələnlərin sayı qənaətbəxşdir. Ümumiyyətlə, bu idman növünə həmişə maraq olub. Qeyri-olimpiya növü olmasına baxmayaraq ən çox diqqət məhz bu idmanadır. Elə bu barədə Federasiyamızın prezidenti, millət vəkili Adil Əliyev də məlumat vermişdi. Bildiyiniz kimi, 2016-cı ilin yekununda bir neçə idmançımıza fəxri ad və ev verdilər. Kikboksçular “İlin 10 idmançısı” sırasına daxil oldular. Ancaq etiraf edək ki, bu idmana maraq Olimpiya idman növləri qədər deyil.

-Tələbələriniz arasında qızlar da var? Niyə xanım idmançılar milli komandada demək olar ki, yox dərəcəsindədir.

– Düzdür, tələbələrimiz arasında qızlar da var. Ancaq kikboks onlar üçün çətin idman növüdür. İstədiyimiz nəticəni onlardan ala bilmirik.

– Nə vaxta qədər rinqə çıxıb, döyüşmək fikriniz var?

– Əslində, ötən il mən karyerama qələbə ilə damğa vurub, idmanla vidalaşmaq istəyirdim. Əfsuslar olsun ki, alınmadı. İndi də bayram demirəm, istirahət demirəm … məşqlərimi davam etdirirəm. “Dinamo” İC-nin baş məşqçisi Hakim Hacıyevin nəzarəti altında hazırlaşıram. Hər an peşəkar döyüşə çıxa bilərəm. Daha 2 il də vuruşmaq fikrim var.

– Sizcə Azərbaycan kikboksunda nə çatışmır?

– Düşünürəm ki, buna Federasiyamızın rəhbəri və vitse-prezidentlərimiz daha yaxşı cavab verə bilər. Ancaq onu deyə bilərəm ki, maliyyənin olması hər idman federasiyası üçün önəmlidir. Hamı bilir ki, maliyyə problemləri bu gün hər bir idman federasiyasında yaşanır. Amma müəyyən çətinliklərə baxmayaraq, federasiyamızın prezidenti, millət vəkili Adil Əliyev öz gücü hesabına, viste-prezidentlərin, dostların sayəsində, nazirliyin də köməkliyi ilə idmançıları maliyyələşdirirlər. İdmançıların korluq çəkməməsinə çalışırlar.

Hətta imkanı olmayan və yarışlara qatılmaq istəyənlərə də Adil müəllim köməklik edir. Əlbəttə ki, böyük miqdarda maliyyə vəsaiti lazımdır ki, daha da yaxşı olsun. Ancaq indi hər yerdə müəyyən çətinliklər var.

– Həm idmançısız, həm də “Sərhədçi” İdman Olimpiya Mərkəzinin kapitanı… Bəs bunlar sizin məşq keçmənizə mane olmur?

– Məşqçi kimi də karyeram çox şükürlər olsun ki, yaxşı davam edir. İki zalım var: həm “Sərhədçi” İdman Olimpiya Mərkəzində, həm də digər zalda məşqlərimi keçirəm. Sırf özümün hazırladığım yaxşı tələbələrim var. Şükürlər olsun ki, bütün bu işləri görməyə hələ ki, gücümüz çatır: həm məşq edirəm, həm məşq keçirəm, həm də zabit vəzifəsimi yerinə yetirirəm… Əgər görsəm ki, gücüm daha çatmır, o zaman idmançı kimi karyeramı bitirib, digər iki işimi davam etdirəcəm.

– Şəklinizdən gördüyüm qədəri ilə deyəsən ova meyillisiniz? Bunun üçün hansısa icazəniz varmı?

– Düzdür, ov etməyi sevirəm. Əlbətdə ki, hamısı icazəlidir, qanunu şəkildədir. Özümüz dövlət işçisiyik deyə, belə hallara mütləq diqqət edirik. Hətta sükan arxasında belə hər qaydalara riayət edirəm.

Çünki hər kəsə nümunə olmalıyıq. Onu da qeyd edim ki, heç tanımadığım fanatlarım mənim video-çarxımı hazırlayıblar. Qoca yaşımda mənə ləqəb də qoyublar – “Sunami”… (gülür). Dedilər ki, sizə layiq ləqəbdir.

 

 

 

Aygün İlqarqızı

Yenicag.az