Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları narkotik vasitələrin dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsinin qarşısını alıb.
Bu barədə Yenicag.az DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Belə ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Sım kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycana doğru hərəkət edən 2 nəfər naməlum şəxsin hərəkəti sərhəd naryadı tərəfindən müşahidə edilib.
Sərhəd naryadının “dayan” əmrinə tabe olmayan sərhəd pozucularına qarşı silahdan havaya xəbərdarlıq məqsədilə atəş açılıb, lakin sərhəd pozucuları əllərindəki əşyaları əraziyə ataraq geriyə qaçıblar.
Həmin ərazi dərhal qapadılaraq axtarış tədbirləri keçirilmiş, 1 ədəd bel çantası və 1 ədəd torbada ümumi çəkisi 15 kq 815 qr olan narkotik vasitə və 1 ədəd Kanada istehsalı olan gecə görmə cihazı aşkar olunaraq götürülüb.
Qeyd olunan fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.