Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları son günlərdə 8 əcnəbi vətəndaşın saxta sənədlərlə Azərbaycan Respublikasının dövlət sərhədindən keçmək cəhdinin qarşısını alıb.
DSX-dan Yenicag.az-a verilən məlumatda bildirilib ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Küveyt-Bakı reysi ilə uçub gələn 1963-cü il təvəllüdlü Dominikan vətəndaşı Mubarak Hassan Mohsen Saadın təqdim etdiyi pasportda saxtalaşdırma əlamətləri aşkarlanıb, laboratoriya şəraitində dərinləşdirilmiş yoxlamadan sonra sənədin məlumat səhifəsinin dəyişdirilməsi yolu ilə saxtalaşdırılması təsdiq olunub.
Heydər Əliyev Beynəlxalq Aeroportunda İstanbul-Bakı reysi ilə uçub gələn 1988-ci il təvəllüdlü İran İslam Respublikası vətəndaşı Mehrpour Daryoush Jabrael oğlunun təqdim etdiyi pasportda Fransaya məxsus Şengen vizasının saxta olmasına şübhə yaranıb və dərinləşdirilmiş yoxlama zamanı vizanın həqiqətən də saxtalaşdırılması təsdiqini tapıb.
Heydər Əliyev Beynəlxalq Aeroportunda Moskva-Bakı reysi ilə uçub gələn 1990-cı il təvəllüdlü Özbəkistan vətəndaşı İsmoilova Makhliyo Eson qızının, Moskva-Bakı reysi ilə uçub gələn 1982-ci il təvəllüdlü Özbəkistan vətəndaşı Saparov Lachin Kurbanoviçin, 1989-cu il təvəllüdlü Özbəkistan vətəndaşı Karimov Ataybek Mirzaibrahimoviçin və 1998-ci il təvəllüdlü Ukrayna vətəndaşı Nasikovcka Snizhana Aleksandrovnanın pasportları şübhə doğurub, laborator müayinə nəticəsində pasportların saxtalaşdırlması müəyyən olunub.
Gəncə Beynəlxalq Hava Limanında Gəncə-İstanbul reysi ilə uçmaq istəyən 1993-cü il təvəllüdlü Pakistan İslam Respublikası vətəndaşları Bashir Usman Ahmad Bashirin və 1995-ci il təvəllüdlü Yasin Muhammad İlyasın təqdim etdikləri İspaniyada yaşayış hüququ verən kartlar şübhə doğurub və laborator yoxlama nəticəsində saxtalaşdırılması təsdiqini tapıb.
Saxlanılmış şəxslər barəsində müvafiq tədbirlər həyata keçirilib.