“Azərbaycan müstəqillik qazanandan sonra İranla aramızda mütəmadi gərginliklər olub və sonradan bu diplomatik yolla həll edilib”.
Bu sözləri Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) təlimi və türkiyəli general Bəxtiyar Ərsayın bunu izləməsi ətrafında yaranmış ajiotaja münasibət bildirən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında deyib.
Tərlan Eyvazov bildirib ki, İranla Azərbaycan arasında hərbi qarşıdurma olması mümkün deyil:
“XTQ daim öz döyüş hazırlığını yüksək səviyyədə saxlamaq üçün hərbi təlimlərə qatılır. Bu təlimlər nəinki yalnız Azərbaycanda, Gürcüstan və Türkiyədə də birgə keçirilir. Bu günün ordusunun avanqardı XTQ-dir.
XTQ yaranan gündən təlimlər keçib və dünya səviyyəsində bir həddə çatıb. Biz bunun bariz nümunəsini 2016-cı il aprel döyüşlərində və 2020-ci ildə Vətən müharibəsində gördük. Müharibə zamanı XTQ digər qoşun növləri ilə koordinasiyalı şəkildə işlər görürdü, ancaq əsas işi özləri görürdü.
Bu gün İranın hərbi təlimlərinə cavab olaraq deyilən, belə təqdim olunan XTQ-nin son təlimləri barədə fərqli düşünürəm. İran son iki ildə həddən ziyadə canfəşanlıq göstərir. 10 noyabr bəyanatının mürəkkəbi qurumamış SEPAH təlimərinə start verdi. SEPAH İranın əsas hərbi gücü sayılır. SEPAH həm də siyasi təşkilatdır. Daha sonra ikinci təlim, sonra isə üçüncü təlimi keçirdilər. Bu təlimlər Azərbaycan sərhədi ilə deyil, Ermənistan sərhədi boyu, Zəngəzur istiqamətində keçirilib. İran tərəfi rəsmi olaraq bildirir ki, əgər Ermənistan ərazisinə xarixi müdaxilə olarsa, rəsmi İrəvanın razılığı ilə ora yerləşib, müdaxilənin qarşısını alacağıq.
Bu günlərdə isə cənub bölgəmizdə olan XTQ-yə aid hərbi hissələrdə plana uyğun olaraq hərbi təlimlər keçirilir. Bu təlimlərdə məqsəd döyüş hazırlığını artırmaq və xüsusi əməliyyatların yerinə yetirilməsinin məşqidir. Burada bir ajiotaj görmürəm. Bəxtiyar Ərsay Azərbaycanın əzizidir. O, Azərbaycanda rəsmi mövqe tutmuş bir hərbçidir. Burada heç bir qeyri-adi, qeyri-qanuni bir şey yoxdur. Bəxtiyar Ərsayın orada şəklinin olması çox normaldır. Daim Azərbaycan hərbçiləri, generalları Türkiyədə olurlar. Biz bir millət iki dövlətiksə, ordularımız arasında isti münasibət varsa, Türkiyə ordu modelinə keçiriksə, bunu təbii qəbul etmək lazımdır.
Bu həm də Azərbaycana qarşı təhdid dili ilə danışmaq istəyən qüvvələrə bir cavabdır. Azərbaycanla kim siyasət, diplomatik dildə danışsa, Azərbaycan da o dildə danışacaq. Yox, Azərbaycana qarşı kimsə təhdid dili ilə danışacaqsa, dərhal cavabı veriləcək. Böyük dövlət olmaq o demək deyil ki, kiçik dövləti əzə bilər. Bu gün Rusiya Ukrayna nümunəsi var. Rusiya Ukraynadan dəfələrlə böyükdür. Ancaq Ukrayna ona elə müqavimət göstərdi ki, Rusiya kimi bir dövlət çətin duruma düşdü. Düşünürəm ki, əhalisinin yarıdan çoxu soydaşlarımız olan bir dövlət Azərbaycana açıq müdaxilə edə bilməz. Biz öz soydaşlarımızla döyüşmərik, çünki hər iki tərəfdən həlak olanlar eyni millətdən olacaq. Baş verənlər hamısı bir mesajdır. Azərbaycan müstəqillik qazanandan sonra İranla aramızda mütəmadi gərginliklər olub və sonradan bu, diplomatik yolla həll edilib.
İnsanlarımız çox narahatdır ki, iki ölkə arasında gərginlik artarsa, bir qığılcımdan alov meydana gələrsə, İran Azərbaycana hərbi müdaxilə edə bilər. Hesab edirəm ki, bu, mümkün olan şey deyil. Bu həm əvvəl dediyimiz səbəblərdəndir, ortada Şuşa Bəyannaməsi var, bundan əlavə, Pakistanla Azərbaycan arasında imzalanan Bakı Bəyannaməsi. Bu hər ikisi Azərbaycanın müdafiəsi üçün əsasdır, qarantdır”.
Səxavət Məmməd