Sərhəddəki gərginlikdən GÖZLƏNTİLƏR: “Ola bilər ki, yenidən bir anlaşma imzalanacaq”

“Rusiya Ermənistanın razılığa gəlməsini dəstəkləyir”.

Bunu son dövrdə baş verən erməni təxribatlarının bu gün daha da intensivləşməsinin mümkün təsirlərini dəyərləndirən Dövlət İdarəçilik Akademiyasının Politoloqlar Klubunun sədri, politoloq Elman Vəliyev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi yenidən müharibənin baş verməsini dəstəkləməsə də, Ermənistan tərəfi gərgin mühitin formalaşmasına şərait yaradan təxribatlara əl atır:

“Görünür, Ermənistan məsələnin sülh yolu ilə həllini başa düşmür. Azərbaycan tərəfi böyüklük göstərərək, düşmənə qarşı humanist davranış sərgiləyir. Lakin reallıq budur ki, Ermənistana növbəti dəfə dəmir yumruq lazımdır. Hazırda hər iki tərəf arasında intensiv atışmalar gedir. Fikrimcə, Azərbaycan tərəfi bu dəfə dəhliz istiqamətində bir xeyli üstünlüklər əldə edəcək. Bu, həmçinin Ermənistanı razılığa gətirmək üçün məngənə arasında qoymaq deməkdir.

Ermənistan tərəfi Rusiyanı köməyə çağırır. Halbuki Rusiya da Ermənistanın razılığa gəlməsini dəstəkləyir. Mövcud gedişat onu göstərir ki, Rusiya hər iki tərəfi diplomatik danışıqlara səsləyəcək. Ola bilər ki, yenidən bir anlaşma imzalanacaq. Bu anlaşma imzalanarsa, məqsəd sırf 10 Noyabr Bəyanatının müddəalarını yerinə yetirmək üçün olacaq”.

Qeyd edək ki, bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı genişmiqyaslı təxribat törədib. Nəticədə düşmən tərəfindən xeyli sayda sursat hərbi qənimət kimi götürülüb.

Gülşən Şərif