Serial asılılığı birbaşa insanın ruhuna təsir edir

serialasilliqHər hansı bir maddədən və ya vəziyyətdən asılılığı insanın psixoloji və fizioloji sağlamlığına mənfi təsir göstərir. Zərərli maddə asılılığı, alkoqollu içki asılılığı insana həm fiziki, həm də ruhi baxımdan təsir edir.

Bu barədə Yenicag.az “Ekspress”-ə istinadən məlumat verir.

Ancaq insanların fərqinə varmadığı bir çox asılılıqlar da var ki, bu, birbaşa onların ruhuna təsir edir. İnternet, serial, televizor asılılığı insanların şəxsi həyatına müdaxilə edir, onları işdən və ruhən yaşadığı cəmiyyətdən uzaqlaşdırır. Bu, psixoloji asılılıqlardır.

Mütəxəssislərə görə, bu gün psixoloji asılılıqlar arasında daha çox təsirli olanı serial asılılığıdır. Bütün telekanallarda yayımlanan seriallar insanları əsirinə çevirib. Serialları hamı izləyə bilər, amma bu o demək deyil ki, hamı serial aludəçisidir. Serial aludəçilərində bu xəstəlik simptompları kimi özünü büruzə verir.

Psixoloq İkram Rüstəmovun sözlərinə görə, serial izləmə insanın zamanını alırsa, əmək qabiliyyətinə, yuxu nizamına, qidalanmasına səbəb olursa, artıq bu, xəstəlikdir: “Əgər siz seriala görə bütün işlərinizi bir kənara atırsınızsa, serial bitdikdən sonra bir müddət onun təsirində qalırsınızsa, serial izləmə saatlarınızı zamanla artırırsınızsa, seriallardan uzaq olmaq üçün cəhd göstərmirsinizsə, deməli, artıq siz serial asılılığına yoluxmusunuz”.
Psixoloq hesab edir ki, serial asılılığı yaşa, cinsiyyətə, təhsilə fərq oymadan hamıda yarana biləcək problemdir. Serial aslılılığı uşaq yaşlarında da başlaya bilər, 50 yaşında da. Buna görə valideynlər övladlarına qarşı diqqətli olmalıdırlar. Nəzarətsiz serial izləmə davranışları uşaqların inkişafında və yetkinlik dövrü inkişaf bacarıqlarında dağıdıcı təsirlərin ortaya çıxmasına səbəb olur.

Serialların insan həyatına müxtəlif istiqamətdə təsirləri ola bilər. Müsahibimizə görə, seriallardakı xarakterlər və həyatlar mənfi bir modelləşdirməyə də səbəb olur. Və insan real həyatındakı məsuliyyətlərindən uzaqlaşaraq, serial xarakterləri ilə yaşamağa başlayır: “Serialdakı xarakterin xüsusiyyətləri, davranışları ilə özü üçün həyat istiqaməti müəyyənləşdirir. İnsan özünü serial qəhrəmanının yerinə qoyur, onun kimi davranmağa başlayır, aludəçisi olduğu serialın qəhrəmanının həyatını yaşamağa çalışır. Həyat serial ilə eyni olmadığı üçün serial asılılığına yoluxan şəxsdə ünsiyyət problemləri, qarşıdurmalar, depressiya, məktəbə, ya da işə kafi zaman ayıra bilməmə problemləri yaranır”.

Rüstəmov hesab edir ki, serial asılılığı xəstəlikdir və bunun müalicəsi var: “Bu xəstəlikdən sağalmaq üçün insan əvvəlcə serialların ona verdiyi zərərləri müəyyən edə bilməlidir. Əgər baxdığınız serialdan əl çəkə bilmirsinizsə, serial sizin həyatınıza müəyyən mənada təsir edirsə, mütəxəssislərə müraciət edin. Və ya həmin zamanı kitab oxumaqla, idman etməklə, dostlarla zaman keçirməklə, əylənməklə keçirə bilərsiniz”.

Həmsöhbətimiz serial aludəçilərinə məsləhət görür ki, əsla serial qəhrəmanlarına bənzəməyə can atmasınlar. Çünki o qəhrəmanlar da insan fantaziyasının məhsuludur: “İnsanlar öz xasiyyətlərinə uyğun proqram və serial izləyirlər. Yəni hansı həyatın arzusundadırlarsa, o süjetli seriallara üstünlük verirlər. Bəzən insanın izlədiyi seriala diqqət yetirib xasiyyətini müəyyənləşdirmək mümkün olur. Eyni zamanda, seriallar insanların ailə həyatına da müəyyən mənada öz təsirini göstərir”.

Sosioloq Sevinc Qədirova bildirir ki, serial kökəlmə problemlərinə də səbəb olur. Çünki qadınlar seriallara baxa-baxa daha çox yeyir və daha çox hərəkətsiz qalırlar. Seriallar cəmiyyəti tənəzzülə sürükləyə bilər: “Serial insan ağlının məhsuludur. Və ssenarist xəstə ruhlu biri ola bilər. İndiki serialların ssenarisi də təxminən eynidir; birinin iki arvadı olur, bir başqası xəyanət edir, digəri isə qadağan olunmuş sevgi yaşayır. Bu seriallardan insanlar nə öyrənə bilər axı? Bəzi seriallarda döyülmə, bıçaqlanma, güllələnmə səhnələri açıq göstərilir. Bu da o deməkdir ki, seriallar insan təfəkkürü üçün potensial təhlükədir. Bəzən elə saf insan ola bilər ki, bu səhnələri öyrənə və həyata keçirə bilər”.

Qədirovanın dediyinə görə, istər türk, istərsə də Azərbaycan seriallarında adətən lüks-varlı həyat reklam edilir. Və bu gün evinə çörək apara bilməyən hər hansı kasıb azərbaycanlının ailəsində müəyyən fəsadlar yaranır: “Axşama evinə yemək apara bilməyən azərbaycanlı həyat yoldaşına “əzizim, canım, gülüm” demək ab-havasında olmur. Bütün gün evdə oturan qadın isə ərindən belə sözlər gözləyir. Gözləntisi həyata keçməyən qadın bu dəfə ona bu sözləri deyən kişilərə meyl edir. Və xəyanət edir. İnsanlar serialın süjet xəttinə o qədər aludə olurlar ki, nəyin pis, nəyin yaxşı olduğunu müəyyən edə bilmirlər”.
S.Qədirova hesab edir ki, bu gün bir çox insan seriallardakı kimi yaşamağa can atır. Seriallardakı kimi sevir, ailə həyatı qurur, boşanır, xəyanət edir, yalan danışır, seriallardakı kimi geyinir, seriallardakı kimi davranır: “Gənc qızların geyim üslubu, gənc oğlanların saç düzümü, geyimi bugünkü serialların bəhrəsidir. Eşidəndə ki, hansısa azərbaycanlı ailəsində boşanma, xəyanət, ayrılıq baş verib, deyirəm 100 faiz qadın serial aludəçisidir. Çünki başı ailəsinə, işinə qarışan insan ailəsini qorumağa çalışır. Xırda bəhanələr yaratmır, xırda bəhanələri aradan qaldırır”.

Mütəxəssislər hesab edirlər ki, bu gün seriallar cəmiyyəti formlaşdırır, cəmiyyətdə baş verən hadisələri istiqamətləndirir. Ayrılıqlar, boşanmalar, xəyanətlər, uşaqların küçələrə atılması, uşaqlardan imtina, evli qadın və ya kişilərin yeni eşq macəraları axtarmasının kökündə seriallar durur: “Biz sağlam cəmiyyətdə yaşamaq istəyiriksə, əvvəlcə pis nümunələri aradan qaldırmalıyıq. Pis nümunə isə seriallardır”.

Yenicag.az

COP29