Şərif Qurbanəliyev: “Yaşıl işıq yandırılıb” – MÜSAHİBƏ

Yenicag.az Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin “Sabah” Yaradıcılıq emalatxanasının rəhbəri Şərif Qurbanəliyevin Lent.az -a müsahibəsini təqdim edir:

Dosye:
Rejissor Şərif Qurbanəliyev müxtəlif vaxtlarda AzTV-də və digər telekanallarda film və telelayihələrin müəllifi olub. Onun quruluş verdiyi “Yarımştat”, “Bala – Başa bəla” teletamaşaları televiziyanın “qızıl fondunda” saxlanılır. “Mükafat”, “Təklif”, “Bəylik dərsi”, Ş.Qurbanəliyev “Akademik Heydər Hüseynov”, “Kişiləri qoruyun”, “Şəki teatrında”, “Qaragülün nağılı”, “Tanrıverdinin nağılı”, “Bir ovuc torpaq” “Hər kim yüz il yaşamasa…”, “Bir rəssamın monoloqu” kimi bədii və sənədli filmlərin rejissorudur. Onun ssenari müəllifi və rejissoru olduğu “Ac Həriflər” tamaşası “Humay” mükafatına layiq görülüb.

– Şərif müəllim, nə vaxtdan Azərbaycan Televiziyasındasınız?

– 1988-ci ildən.

– Bəs fasilədən sonra?

– Bu il aprel ayının 1-dən.

– Gözləyirdinizmi bu təyinatı?

– Açığı, gözləmirdim. Əvvəla onu qeyd edim ki, mənim üçün Azərbaycan Televiziyası ilk növbədə “Sabah” deməkdir. Əslinə baxsaq, mən özümü heç vaxt “Sabah”dan kənarda hiss etməmişəm. “Sabah” Yaradıcılıq emalatxanası yaranandan burda olmuşam,1993-cü ildən. Ramiz müəllimlə birlikdə (xalq artisti, “Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin direktoru Ramiz Həsənoğlunu nəzərdə tutur – red.).

R.Həsənoğlu o vaxt Ədəbi-Dram Verilişləri Baş Redaksiyasında çalışırdı. Mən həmin vaxt Moskvada rejissorluq kursunda oxuyurdum. Ramiz müəllimin “Ordan-burdan” tamaşası mərkəzi televiziyada nümayiş olunmalı idi, özü bununla bağlı Moskvaya gəlmişdi. Biz orda tanış olduq və söhbətlərimiz bədii quruluşlarla məşğul olan xüsusi bir qurumun yaradılmasının əhəmiyyətindən düşdü. Ramiz müəllimin artıq müəyyən konsepsiyası var idi. Dedi ki, təhsilini başa vur, qayıt, bu fikirləri reallaşdırmağa başlayaq. Moskvadakı müəllimim Mərkəzi televiziyanın baş rejissoru Sergey Evlaxışvili idi. Lakin mən vətənə döndükdən sonra əsil sənət məktəbini Ramiz Həsənoğlunun yanında keçdim. Ədəbi-Dram Verilişləri Baş Redaksiyasında çalışırdım, birlikdə işləməyə başladıq. İlk işimiz C.Məmmədquluzadənin “Kamança” əsəri oldu. Bu tamaşa “Sabah” yaradıcılıq emalatxanasının yaranması ilə nəticələndi. Qısa müddətdə otuzdan yuxarı əsərə ekran həyatı verildi. Yeni təyinata qədər də burda idim, yəni haradasa altı il yarım daim burada ola-ola heç bir iş görmədim. Heç bir fəaliyyətim yox idi, ancaq pedaqoji fəaliyyətlə məşğul olmağa başlamışdım.

– İndi özünüz burda necə hiss edirsiniz?

– Evimdəki kimi. Rahat.

– Rəhbərlik etdiyiniz emalatxanın əsas fəaliyyət istiqamətləri nədən ibarətdir?

– “Sabah” Yaradıcılıq Emalatxanası bədii quruluşlarla məşğul olan, filmlər, film-tamaşalar hazırlayan qurumdur. İndi yeni rəhbərlik Birliyin tam gücü ilə işləməsi üçün yaşıl işıq yandırıb. Bu vaxta qədər “Sabah”ın fəaliyyəti dondurulmuş vəziyyətdə idi. Televiziyada aparılıan islahatların nəticəsi olaraq “Sabah”ın daha məhsuldar və keyfiyyətli fəaliyyətini təmin etmək üçün onun sturukturunun daha da genişləndirilməsi nəzərdə tutulub.

– Yaşıl işıq yandırılıbsa, yəqin ki, qarşıya vəzifələr də qoyulub?

– Bəli, qarşımızda vəzifələr var. Bu da ciddi məsuliyyət tələb edən işlərdir. Bu vəzifələrə uyğun cari və perspektiv planlar müəyyən edilib. Əsasən tammetrajlı bədii quruluşların təqdim olunması nəzərdə tutulur. Eyni zamanda, rəhbərlik bizdən seriallar tələb edir. Bu istiqamətdə işlər gedir. Məsələn, məlumat üçün deyim ki, “Fatehlərin divanı” serialının ardının çəkilməsi nəzərdə tutulur. Əli Əmirlinin “Cənnət qapıları” teleserialının ekranlaşdırılması da nəzətdən keçirilir. Bundan əlavə, Dilsuz Mustafayevin və Hüseynbala Mirələmovun hekayələrinin motivləri əsasında mənim quruluş verəcəyim “Zəng” adlı tam metrajlı bədii filmin istehsalına başlanılıb.

Qarşımızda duran daha bir məsələ ondan ibarətdir ki, köhnə ənənələri bərpa edək. Yadınızdadırsa, elə bir yeni il olmazdı ki, bayramı yeni tamaşa ilə qarşılamayaq. Yazıçı Elçinin “Gül dedi bülbülə” əsəri üzərində özünün yazacağı ssenari əsasında bayram tamaşasının ekranlaşdirilması nəzərdə tutulur. Filimə Ramiz Həsənoğlu ilə birlikdə quruluş verəcəyik.
“Sabah”ın əsas məramlarından biri öz ətrafında istedadlı, potensialı olan yaradıcı insanları, yazarları, rejissorları ssenaristləri, xüsusilə də gəncləri cəlb eləməkdir. Sabahın məqsədi həm də odur ki, istedadlı insanlara, gənclərə öz potensiallarını açmağa kömək eləsin.

– Efirlərimizdə yeni televiziya tamaşalarına rast gəlmirik. Bunun səbəbi nədir?

– Ümumiyyətlə, bir ənənə olaraq televiziya tamaşaları Azərbaycan Televiziyasında hazırlanıb. Digər televiziyaların təqdim etdikləri məhsullar həmin formatda deyil. Təəssüf ki, bayağı yumor, başı-ayağı bilinməyən adı film qoyulan quruluşlar efiri bürüyüb. Hər yerindən duran beş-on manat tapıb film çəkir. Əksəriyyət filimlər qeyri-peşəkarlar tərəfindən hazırlanır. Sovet dövründə Azərbaycan Televiziyasında hazırlanan tamaşalar bütün sovetlər sovet respublikaları arasında ən yaxşılardan hesab olunurdu. Həm keyfiyyət, həm də kəmiyyət baxımından Bakı teletamaşaları qabaqcıl olub.

– Bəs bu ənənələrin bu günə qədər davam etməməsinin kökündə nə dayanır?

– Bu, yalnız subyektiv amillərlə bağlı olub. Yeni rəhbərlik bu problemi görür və bunun üçün əlindən gələni əsirgəmir. İnanırıq ki, bunun həllinə birlikdə nail olacayıq.

– Bir məsələ də var, yəqin bu, sizi də qayğılandırır. Bugünkü gənc aktyor və aktrisaların potensialı klassik tamaşalar, filmlər səviyyəsində işlər ortaya çıxarmağa imkan verəcəkmi?

– Bilirsiniz, teatr, kino, televiziya tamaşası, bütün quruluşlar – bunlar aktyorun yetişməsində başlıca rol oynayır. Bu məktəblər olmasa, onlar harda püxtələşməlidirlər?! Yaşar Nuri, Afaq Bəşirqızı, Cahangir Novruzov, Telman Adıgözəlov, Gülşən Qurbanova, Səməndər Rzayev, Hamlet Xanızadə və digər aktyorların populyarlaşmasında televiziya tamaşalarının rolu böyükdür. Təəsüflə qeyd etməliyəm ki, özəl kanllarda hazırlanan əksər məhsullarda peşəkar aktyorların yetişməsi üçün mühit yoxdur.
Biz işimizi tam gücü ilə bərpa etdikdən sonra bunun faydalarını hiss etməyə başlayacağıq.

– Amma indiki resurslar, yəni aktyor resursu sizi qane etmir, eləmi?

– O resursları tapmaq, ortaya çıxarmaq və onların inkişafına təkan vermək lazımdır. Papaq altında elə adamlar var ki, biz sadəcə, onları tanımırıq. İstedadlı insanları tapmaq, üzə çıxarmaq bizim borcumuzdur. Onu da deyim ki, “Sabah”ın üzərinə məsluliyyət qoyulub. Həmçinin tamaşaçıın da bizdən böyük gözləntiləri var. Biz də çalışmalıyıq ki, bunun öhtəsindən gələk.