Şərifzadə küçəsində dalana dirənmiş PROBLEM – Niyə HƏLL OLUNMUR?

Son zamanlar şəhər yollarında dayanma qadağan olan ərazilərdə avtomobillərin saxlanılması halları artıb. Bu tip parketmə isə yalnız həmin ərazilərdə təhlükə yaratmır, həm də digər sürücülər üçün ciddi maneələr və qəzalar riskini artırır.

Yenicag.az xəbər verir ki, sözügedən hal həmçinin paytaxtın Yasamal rayonunun Abbas Mirzə Şərifzadə 173 ünvanında qeydə alınıb.

Belə ki, “dayanma-durma qadağandır” nişanı ilə işarələnmiş yolda maşınların hərəkət hissəsində dayanması sürücülər üçün ciddi problem yaradır.

Yol hərəkəti qaydalarına görə, dayanma qadağan olan yerlərdə maşın saxlanması yalnız cərimə deyil, həm də yol təhlükəsizliyi baxımından çox böyük risklərə səbəb olur. Bu vəziyyətə düşən sürücülər başqalarının təhlükəsizliyini gözardı edərək, yollarda sərbəst hərəkəti çətinləşdirirlər. Məsələn, döngələrdə, zolaqların kəsişməsində və ya piyadaların keçidlərində maşın saxlanması, görmə maneələri yaradır və qəza ehtimalını artırır.

Sözügedən yolda nişan olsa da, bəzi sürücülər qaydalara əməl etmir və yolun dar hissələrində avtomobili park edərək digər nəqliyyat vasitələrinin maneəsiz hərəkət etməsini çətinləşdirir. Bu vəziyyət, xüsusilə pik saatlarda tıxacların yaranmasına və yol təhlükəsizliyinin pozulmasına səbəb olur.

Sakinlər aidiyyəti qurumlardan həmin yola nəzarətin gücləndirilməsi və kameraların quraşdırılmasının tərəfdarıdırlar.