Sərkisyanı tələsik Tiflisə səfər etməyə vadar edib?

115525_res_01Ermənistan prezidenti Serj Sərkisyan bu gün Tiflisə işgüzar səfər edir.

Virtualaz.org saytı xəbər verir ki, səfər barədə yalnız bir gün əvvəl elan edilib və bu da belə təxminlərə yol açıb ki, regionda nəsə ciddi dəyişikliklər planlaşdırılır. Və bu dəyişikliklər enerji məsələsi ilə əlaqəlidir və onun mərkəzində Gürcüstan dayanır.

Kadr arxasından prosesləri yönləndirən isə daha qüdrətli əllərdir.

Səfərin məqsədi barədə açıqlama verilmir, ancaq rəsmi məlumatda bildirilir ki, “Ermənistan-Gürcüstan münasibətlərinin inkişafı üçün yaranmış yeni perspektivlər” gündəmdə olacaq.

Bəs bunlar hansı yeni perspektivlərdir ki, Sərkisyanı tələsik Tiflisə səfər etməyə vadar edib və ya Gürcüstan rəhbərliyi onu Ermənistan prezidenti ilə müzakirə etməyə ehtiyac duyub?

Görünür, söhbət ancaq bir məsələdən – İran qazının Ermənistan üzərindən Gürcüstana nəqli planlarından və Rusiya ilə İran arasında yeni qaz sövdələşməsindən gedir.

Xəbər verdiyimiz kimi, Gürcüstan hökuməti son həftələrdə Azərbaycanın dövlət neft şirkəti SOCAR-ın bu ölkənin energetika bazarında inhisarçı mövqeyini  aradan qaldırmaq niyyətini büruzə verib. Əvvəlcə energetika naziri Kaxa Kaladze Brüsseldə “Qazprom” rəhbəri Aleksey Millerlə görüşərək Gürcüstana Rusiya qazının birbaşa nəqli məsələsini müzakirə edib. Bu danışıqlar həm Gürcüstanda, həm də Bakıda narahatlıq yaradıb.

Gürcüstanın müxalif “Vahid Milli Hərəkatı” hökuməti Azərbaycanla münasibətlərə zərbə vurmaqda və ölkəni Rusiyadan asılı vəziyyətə salmaq cəhdlərində günahlandırıb. Ardınca baş nazir İrakli Qaribaşvili Bakıya gözlənilməz səfər edib.

Hökumət əvvəlcə “Qazprom”la danışıqların Gürcüstan üzərindən Ermənistana qaz tranziti məsələsi ilə əlaqəli olduğunu desə də daha sonra əsl məqsədin nədən ibarət olduğunu açıqladı. Bildirildi ki, Gürcüstanın qaz təchizatında Azərbaycandan asılı olması düzgün deyil və təchizat mənbələrini şaxələndirmək lazımdır.

“Gürcü arzusu” koalisiyasının “boz kardinalı”, milyarder və “Qazprom”un ən iri özəl səhmdarı olan Bdzina İvanişvili də nəhayət mövzu barədə danışdı və dedi ki, Gürcüstanın öz qaz təchizatı mənbələrini şaxələndirmək səylərində pis heç nə yoxdur.

Onun sözlərinə görə, Gürcüstan nəinki Rusiyadan, eləcə də İrandan qaz almaq barədə danışıqlar aparır.

“Şəxsən mən özüm bu işin içindəyəm”- deyə İvanişvili bildirdi.

Təchizat mənbələrini şaxələndirmək rəqabət mühiti yaradaraq qiyməti aşağı salmaq üçün lazımdır. Ancaq indiki halda Azərbaycan onsuz da Gürcüstanı ucuz qazla təchiz edir və bu səbəbdən qonşu ölkədə çoxları başa düşmür ki, hökumətin məqsədi nədir. Və belə güclü ehtimal yaranır ki, əslində məqsəd təchizat mənbələrini şaxələndirməkdən daha çox Rusiyanın qurduğu planı icra etməkdir.

Rusiya Xəzər regionunun enerji resurslarının tranziti üçün dəhliz olan Gürcüstan bazarında mövqelərini möhkəmləndirməyə çoxdan can atır. İndi bu danışıqlar müsbət nəticələnsə “Qazprom” Gürcüstanın qaz təchizatında iştirakını artıra biləcək.

Bəs İran qazı? Gürcüstanın Rusiyadan daha çox qaz alması üçün infrastruktur və imkan var. İrandan qazı hansı yolla nəql etmək nəzərdə tutulur?

İran qazının Gürcüstana nəqli üçün nəzəri olaraq iki marşrut mümkündür: Azərbaycan üzərindən və Ermənistan üzərindən. Belə görünür ki, İvanişvili İran qazını məhz ikinci marşrutla almağı nəzərdə tutur və Sərkisyanın Tiflisə indiki qəfil səfərini də bununla izah etmək lazımdır.

Digər tərəfdən, bu günlərdə Rusiyanın energetika naziri Aleksandr Novak bildirib ki, Rusiya və İran svap üsulu ilə qaz alqı-satqısında razılığa gəliblər. Bu varianta əsasən İran Ermənistanla sərhəddə Rusiya qazını alır və onu şimal regionlarının tələbatını ödəməyə yönəldir. Əvəzində isə cənubda eyni həcmdə qazı Rusiyaya verir. Beləliklə, Rusiya Fars körfəzinə qaz nəqli imkanı qazanır.

Bu svap əməliyyatı iqtisadi baxımdan sərfəli hesab edilmir. Ancaq siyasi mənada Rusiya İran qazının Ermənistan və Gürcüstan üzərindən tranzitini nəzarət altına alır, eyni zamanda Avropaya imkan vermir ki, gələcəkdə bu marşrutla İran qazını ala bilsin.

Beynəlxalq sanksiyaların ləğvindən sonra İran qazının Avropaya nəqli üçün imkan açılır və bu nəql üçün ən real dəhliz hazırda Azərbaycan-Gürcüstan-Türkiyə dəhlizidir. Çünki mövcud kəmərlərdən başqa tikilməkdə olan TANAP qaz kəməri İran qazının Avropaya çıxarılması üçün yaxşı imkanlar açır.

Ola bilsin Rusiya Azərbaycandan Avropanı tələbatı ilə müqayisədə cüzi həcmdə – ildə 10 milyard kubmetr qazın bu qitə bazarına çıxarılmasından çox narahat deyil. Ancaq gələcəkdə buna İran qazının da əlavə olunmasına dözməzdi.

Bu səbəbdən Rusiya Cənubi Qafqazda enerji kartlarını qarışdırmaq üçün hansısa yeni planlar fikirləşib və Ermənistanı, Gürcüstanın “boz kardinalı”nı da işə cəlb edib.

Şübhəsiz ki, Azərbaycan rəhbərliyi də bu planların fərqindədir və Gürcüstanla bu günlərdə intensivləşən yüksək səviyyəli təmasların məqsədi təkcə keçmiş futbolçu Kaxa Kaladzenin Aleksey Millerlə danışıqları deyil.

Xəbər verildiyi kimi, prezident İlham Əliyev noyabrın əvvəllərində Gürcüstana səfər edəcək. Ancaq Gürcüstan hökuməti və onun “boz kardinalı” Sərkisyanı daha əvvəl Tiflisə dəvət edərək Azərbaycanın maraqlarına qarşı olan gizli planların iştirakçı olduqlarına dair şübhələri gücləndirir.