“Gürcü ekspertlər öz qorxularını, erməni ekspertlər isə arzularını şərh edirlər”.
Qafqaz Strateji Tədqiqatlar İnstitutunun siyasi məsləhətçisi, politoloq Gela Vasadze Yenicag.ru-ya açıqlamasında Gürcüstanın işğal olunmuş ərazilərindən Ermənistan üçün nəqliyyat dəhlizi açılması ehtimalını dəyərləndirib.
“Ermənistan prezidenti Serj Sərkisyanın Yeni il ərəfəsində Gürcüstana səfəri ənənəvi hal alıb və bu ənənə son üç ildə dəyişməz qalıb. Səfərlə bağlı rəsmi məlumat çox xəsisliklə verilib. Bildirilib ki, iqtisadi, enerji, hərbi, o cümlədən kommunikasiya sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub. Belə bir protokol “dil”ində olan məlumatın arxasında nələrin dayandığı haqda isə yalnız təxminlə danışmaq mümkündür”.
Politoloqun fikrincə, iqtisadi planda Ermənistan Gürcüstana özünün azad iqtisadi zonalarından istifadə etmək və bununla da Avrasiya İqtisadi Əməkdaşlıq İttifaqı ölkələrinin bazarlarına çıxış imkanı qazanmağı təklif edib:
“Həmin zonalardan istifadə mexanizmi haqqında mənim heç bir təsəvvürüm yoxdur. Enerji məsələsində isə bir qədər müəyyənlik var – çünki Rusiya qazı Ermənistana Gürcüstandan ötürülür. 2017-ci ildə bununla bağlı Gürcüstanla “Qazprom” arasında müqavilə imzalanıb, yəni Gürcüstan əvvəl tranzit edilən qazın 10 faizini götürürdüsə, artıq “Qazprom” tranzitin haqqını pulla ödəyir.
Hərbi əməkdaşlığa gəldikdə isə məlumdur ki, Gürcüstan NATO-nun tərəfdaşıdır və regon ölkələrinin blokla əməkdaşlığa cəlb olunması missiyası Tiflisin üzərindədir”.
Vasadze hesab edir ki, Sərkisyanın səfəri ilə bağlı mübahisə doğuran əsas məqam kommunikasiya sahəsi – konkret demək mümkünsə, Gürcüstanın işğal olunmuş ərazilərindən Ermənistan üçün nəqliyyat dəhlizi açılması ehtimalıdır:
“Gürcüstan baş nazirinin fors-major situasiyalarda – Lars keçidi bağlı olduqda – işğal altındakı nəqliyyat dəhlizindən istifadə etməsinin mümkünlüyünü bildirməsi ekspertlər arasında da ciddi rezonans doğurub. Çünki həmin nəqliyyat dəhlizindən hətta fors-major vəziyyətdə istifadə olunması çox mübahisəli haldır. Mən hələ başqa məqamlardan danışmıram.
Düzünü desək, mən bununla bağlı şərhləri oxuyanda düşünürəm ki, gürcü ekspertlər öz qorxularını, erməni ekspertlər isə arzularını şərh edirlər. Ancaq hər iki yanaşma reallıqdan uzaqdır. Mən səhv edə bilərəm, ancaq hər halda, bu, Moskva tərəfindən Qərblə, ilk növbədə ABŞ-la böyük sövdələşmə kontekstində qaldırılmış məsələdir. Ona görə də bu barədə konkret proqnoz vermək çətindir”.