Martın 18-də Bakı şəhərinin inzibati ərazisində müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcıların qarajında avtobusların dezinfeksiya olunması, xarici və daxili görünüşünün təmiz olması, o cümlədən dezinfeksiya məhlullarının yerləşdirilməsi ilə bağlı avtobuslara baxış keçirilib.
Yenicag.az xəbər verir ki, həmin gün saat daşıyıcı şirkətlərin müxtəlif marşrutlar üzrə avtonəqliyyat vasitəsinin qaraj şəraitində yuma və dezinfeksiya işlərinin aparılması Bakı Nəqliyyat Agentliyinin (BNA) əməkdaşları tərəfindən müşahidə edilib.
Yuma və dezinfeksiya prosesi hər axşam baş tutacaq və gün ərzində marşrutların başlanğıc və son dayanacaqlarında avtobusların təmizliyinə BNA nəzarət edəcək.
Bundan başqa, taksi minik avtomobillərinin də mümkün qədər nəzarətdə saxlanılmasını nəzərə alaraq, bu sahəyə ayrılan əməkdaş tərəfindən verilən məlumata əsasən martın 18-də bəzi taksi şirkətlərində də dezinfeksiya və təmizləmə işləri aparılıb.