!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Sərnişindaşımada gözlənilən qiymət artımı - Qarşısı necə alına bilər? - Ekspert ŞƏRHİ

!Reklam – Yazi

Ötən gün Bakıda və ətraf qəsəbələrdə fəaliyyət göstərən sərnişindaşıma şirkətlərinin İqtisadiyyat Nazirliyinə tariflərə baxılması, gediş haqqının artırılması ilə bağlı müraciət ünvanlayıb. Bu müraciətdən sonra əksər ekspertlər gediş haqqının 40 və ya 50 qəpik qaldırılacağını ehtimal edirlər. Bu isə cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb.

Mövzu ilə bağlı nəqliyyat eksperti İlqar Hüseynli öz fikirlərini Yenicag.az-la bölüşüb.

O, qeyd edib ki, ictimai nəqliyyatda gediş haqqının artırılması arzuolunan deyil və bu, sosial narazılığı daha da artıra bilər:

“Bakı Nəqliyyat Agentliyi (BNA) və bəzi dövlət qurumları gediş haqları ilə bağlı qiymət artımının vacib olduğunu bildirirlər. Çünki daşıyıcı şirkətlər rentabelli işləmirlər və ziyana uğrayırlar. Buna görə də yeni avtobuslar almaq imkanına malik deyillər. Nəticə etibarilə isə həmin şirkətlər müflis olacaqlar və sərnişindaşımada çox ciddi problemlər yaşana bilər. Əslində bugünkü tariflərlə böyük bir daşıyıcı şirkətin özünü və infrastrukturunu qoruyub saxlaması mürəkkəb məsələdir. Əgər nəzəri cəhətdən gediş haqqı artırılarsa, yenə də problemin həllinə nail olmaq mümkün olmayacaq. Çünki gediş haqqı tarifləri o qədər böyük olmalıdır ki, həmin şirkətlər avtobus parklarını yeniləyə bilsin və sərnişinlərə keyfiyyətli xidmət göstərə bilsinlər.

Yaxşı olardı ki, sərnişindaşıma bilavasitə dövlətin ən prioritet istiqamətlərindən biri olsun. Dövlət sərnişindaşıma sektorunu subsidiyalaşdırmalıdır. Yəni bu məsələdə dövlətin dəstəyi vacibdir. Əgər bu sektor bütövlükdə şirkətlərin ümidinə buraxılacaqsa, bu halda heç bir inkişafa nail olunmayacaq. Nəzərə almaq lazımdır ki, əhalinin vəziyyəti onsuz da kritikdir. Ərzaq, dərman preparatlarının bahalaşması, istehlak mallarında baş verən artımlar, hava nəqliyyatında olan qeyri-stabilliyin övladı xaricdə oxuyan ailələrdə yaşatdığı çətinliklər və birdən-birə sərnişindaşınmada tariflərin qaldırılması hər bir ailənin büdcəsinə ciddi maddi zərbə vuracaq. Bu gün ölkədə sosial narazılıq hökm sürür, gediş haqqının artması bu narazılığı daha da artıra bilər. Onsuz da ox yaydan çıxıb. Ən azından vəziyyəti sabit saxlamaq üçün fərdi sahələrdə bahalaşmanın qarşısını almaq lazımdır. Bu gün vətəndaşların durumu ağırdır və çox ciddi sosial-maliyyə sıxıntıları yaşayır. İctimai nəqliyyatdan daha çox aztəminatlı ailələrin, qazilərin istifadə etdiyini unutmaq olmaz. Bir çox dövlət məmurları və böyük biznesə malik olanların övladları və qohumları ictimai nəqliyyatdan istifadə etmir. Çünki hərəsinin 3-4 maşını var. Ümumilikdə nəqliyyat sektoru çökmə həddindədir və ciddi maliyyə böhranı yaşanır. Ona görə xəttə çoxlu avtobus da buraxılmır və sərnişinlər saatlarla dayanacaqda gözləmək məcburiyyətində qalırlar. Bu sektoru dövlətin dotasiyası ilə inkişaf etdirmək lazımdır”.

Gülşən Şərif

www.yenicag.az

344
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv