Reklam: High Technic
hightechnic

Sərnişinlərə şad xəbər - "Zaryadka" problemi olmayacaq - Fotolar

Paytaxtın marşrut şəbəkəsinin, o cümlədən, avtobus bazasının yenilənməsi istiqamətində görülən işlər çərçivəsində yeni nəqliyyat vasitələri gətirilib.

Bu barədə Yenicag.az-a Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib. M. Ağayev bildirib ki, “Çinar Trans” MMC-nin gətirdiyi 20 ədəd avtobus sərnişindaşıma ilə bağlı Bakı Nəqliyyat Agentliyinin müvafiq hüquqi normativ aktlara əsasən müəyyənləşdirdiyi tələblərə uyğundur.

“Avro 5” standartlarına cavab verən avtobuslar sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin artırılmasına imkan verir. Yeni avtobuslardan fiziki imkanları məhdud şəxslərin, eləcə də uşaq arabası ilə olan sərnişinlər də rahat istifadə edə biləcəklər. Bunun üçün avtobuslarda xüsusi mexanizmlər quraşdırılıb. Qeyd edək ki, 2017-ci ildə “Çinar Trans” MMC tərəfindən paytaxta ümumilikdə 65 ədəd yeni avtobus gətirilib. Növbəti il üçün isə 85 ədəd avtobusun alınaraq, gətirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, Bakı Nəqliyyat Agentliyinin müntəzəm sərnişindaşıma ilə məşğul olan daşıyıcılar qarşısında qoyduğu tələbə əsasən gələn ilin birinci yarısında paytaxta daha 350 nəqliyyat vasitəsi gətiriləcək. Gətirilən avtobusların 20 ədədi 18 metrlik olacaq. Yeni avtobuslar əsasən, şəhərin mərkəzi hissəsində istismara veriləcək. Yeni avtobusların nağdsız ödəniş sisteminə keçirilməsinə gəlincə bildirildi ki, bu, gələn ilin birinci yarısınadək mümkün olacaq. Ümumilikdə isə həmin müddətə qədər bu sistemin 700 avtobusda tətbiqi nəzərdə tutulub.

M. Ağayev bildirib ki, gətirilən yeni avtobuslar 133 saylı marşrut xəttində istismara veriləcək. Qeyd edək ki, yeni avtobuslarda ilk dəfə olaraq “adaptor” yerləri quraşdırılacaq.

 

Elvin Paşazadə

www.yenicag.az

2370