“Dayanacaqda gözləmə zalları açılmasa da, xəttə buraxılan avtobusların sayı artırılmalıdır”.
Məlumdur ki, ötən il Koroğlu Nəqliyyat Mübadilə Mərkəzinin ərazisində sərnişinlərə həm keyfiyyət, həm də təhlükəsizlik baxımından müasir standartlara uyğun xidmətin göstərilməsi üçün infrastruktur yaradılıb.
“Koroğlu” metrostansiyasının yaxınlığında yerləşən mərkəzdə 4 platformadan ibarət avtobus terminalı inşa edilib. Platformada olan avtobusların əksəriyyəti Bakının kənd və qəsəbələri istiqamətində fəaliyyət göstərir. Platformada 10 gözləmə zalı tikilsə də, pandemiya dövründə bu zalların qapıları sərnişinlərin üzünə bağlanıb. Onlar da havaların soyuq keçdiyini nəzərə alaraq, gözləmə zallarının bağlanmasının düzgün qərar olmadığını deyirlər.
Mövzu ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov Yenicag.az-a açıqlamasında bildirib ki, gözləmə zallarının bağlanması vətəndaşların sağlamlığını riskə atmamaq üçündür. Əsas problem xəttə buraxılan avtobusların sayının kifayət qədər olmaması və nəticədə dayanacaqlarda, ictimai nəqliyyatda sərnişin sıxlığının yaranmasıdır:
“Qeyd olunan mərkəzin fəaliyyətində əsas məqsəd dayanacaqlarda sərnişin sıxlığının qarşısını almaq idi. Çünki mərkəzin yerləşdiyi ərazidən Bakının kənd və qəsəbələri ilə yanaşı, şəhərdaxili digər istiqamətlərə də gediş-gəliş mümkündür.
Əslində, pandemiya dövründə mərkəzdəki gözləmə və digər zalların bağlanması doğru addımdır. Əgər bir dayanacaqda gözləmə intervalının 15 dəqiqədən artıq olduğunu nəzərə alsaq, bu halda müxtəlif yaş təbəqəsindən olan insanların eyni qapalı məkanda gözləməsi virusa yoluxma riskini artıra bilər.
Eyni zamanda, sərnişinlərin etirazı da başadüşüləndir. Yaxşı olardı ki, vətəndaşlarımız zərurət olmadıqca, ictimai nəqliyyatdan istifadə etməsinlər. Çünki açıq və ya qapalı məkandan asılı olmayaraq, yoluxma halları sürətlə artır.
Vətəndaşların soyuq havada daha çox qalmaması üçün gözləmə zalları açılmasa da, xəttə buraxılan avtobusların sayı artırılmalıdır. Bu halda vətəndaş narazılığına səbəb olan amillər də aradan qalxacaq”.
Gülşən Şərif