Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

“Şərq tərəfdaşlığı” üçün Qərb “standart”ı: Bakı ilə Brüssel niyə anlaşa bilmir?

Reklam: High Technic

Avropa İttifaqının (Aİ) bir sıra sənədlərində Azərbaycanın ərazi bütövlüyü tanınsa da, Brüssel bu məsələyə dair birmənalı mövqe nümayiş etdirmir.

Avropa İttifaqının (Aİ) “Şərq tərəfdaşlığı” proqramının 10 illiyi münasibətilə mayın 13-də Brüsseldə baş tutan yubiley sammiti hər hansı ciddi qərarların qəbulu ilə yadda qalmadı.

Eyni zamanda, gözləntilərin və öncə verilən anonsların əksinə olaraq, sammitdə Aİ ilə Azərbaycan arasında strateji tərəfdaşlıq sazişi də imzalanmadı.

Brüsseldə keçirilmiş yubiley sammitinin yekun Bəyannaməsində yer alan müddəaların yetərsizliyi səbəbindən “Şərq tərəfdaşlığı”nın iştirakçısı olan ölkələr sənədi imzalamaqdan imtina etdilər. Nəticədə aşağı statuslu sənədə çevrilən yubiley Bəyannaməsinin altında yalnız Aİ rəsmisi Federika Mogerinin imzası qaldı.

Təbii ki, “Şərq tərəfdaşlığı” proqramının yubiley toplantısının bu qədər sönük keçməsi və bizim üçün vacib olan Azərbaycan-Aİ strateji tərəfdaşlıq sazişinin imzalanmaması diqqəti daha çox cəlb edir.

Çünki sammit ərəfəsində yayılan məlumatlarda Bakı ilə Brüsselin üzərində uzun müddətdir işlədikləri saziş layihəsini böyük ölçüdə razılaşdırdıqları bildirilirdi. O baxımdan, tərəflərin mayın 13-də Brüsseldə saziş imzalayacaqları ehtimalı yetərincə ciddi görünürdü. Lakin bu, baş vermədi.

Yubiley Bəyannaməsinin iştirakçı ölkələr tərəfindən qəbul edilməyən mətni isə Aİ-Azərbaycan sazişinin imzalanmasına mane olan amillərin müəyyənləşdirilməsinə imkan verir.

Söhbət Bəyannamə layihəsində ərazi bütövlüyü prinsipinin təsbit olunmamasından gedir. Buna etiraz edən Azərbaycan, daha sonra isə digər iştirakçı ölkələrin rəhbərliyi həmin sənədi imzalamadılar.

Buradan asanlıqla belə anlaşılır ki, Azərbaycanla Aİ arasında imzalanması nəzərdə tutulan saziş layihəsində də analoji problem var. Yəni Avropa İttifaqı özünün bəzi sənədlərində Azərbaycanın ərazi bütövlüyünü tanısa da, Bakı ilə imzalayacağı sazişdə o prinsipin təsbit olunmasına qarşı çıxıb.

Bu, əlbəttə ki, ərazisinin iyirmi faizi “Şərq tərəfdaşlığı”nın digər üzvü Ermənistanın işğalı altında olan Azərbaycan üçün qəbuledilməz haldır. Görünən budur ki, Brüssel “Şərq tərəfdaşlığı”nın iştirakçısı olan Ukrayna, Gürcüstan və Moldovanın ərazi bütövlüyünü tanıdığı halda, eyni problemdən əziyyət çəkən Azərbaycana yanaşmada fərqli mövqedən çıxış edir. Bakı isə bütün “ı”ların üzərinə nöqtə qoyulmadan, həmin sazişi imzalamaq niyyətində deyil.

Bu məsələ haqda Yenicag.az-a danışan keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov hesab edir ki, Azərbaycanın Brüsseldə keçirilmiş “Şərq tərəfdaşlığı” sammitinin yekun Bəyannaməsinə veto qoyması doğru addımdır:
“Bu, çox fərqli bər məsələdir və təəssüf ki, təhlilçilər tərəfindın lazımi şəkildə izah olunmur. Bildiyiniz kimi, “Şərq tərəfdaşlığı” proqramının altı iştirakçısından dördünün – Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovanın ərazi bütövlüyü problemi var.

Bu ölkələr beynəlxalq səviyyəli bütün sənədlərdə ərazi bütövlüyünün təsbiti məsələsinin əks olunmasını istəyirlər. Ancaq Avropa İttifaqının rəsmiləri Ermənistandakı vəziyyətdən məlumatlıdırlar və bilirlər ki, yekun Deklorasiyada dövlətlərin ərazi bütövlüyü məsələsinin önə çəkilməsi Paşinyanı tənqidlərlə üz-üzə qoyacaq.

Bu vəziyyət Gürcüstan, Ukrayna və Moldovanı da qane etməyib. Onlar bildiriblər ki, Deklorasiyanın hansısa bəndində Avropa İttifaqının həmin ölkələrlə imzaladığı və ərazi bütövlüyünün təsbit olunduğu sənədlərə istinad edilsin.

Ancaq Azərbaycanla Avropa İttifaqı arasında elə bir sənəd imzalanmayıb. Bu səbəbdən, vurğulanan o istinad Azərbaycana şamil oluna bilməz. Belə bir vəziyyətdə Paşinyanın daxili tənqidlərə məruz qalması əlbəttə ki, Azərbaycanın problemi deyil.

Bizim üçün əhəmiyyət kəsb edən əsas məsələ ərazi bütövlüyümüzün qəbul edilməsidir. Bakı bu addımı ilə Avropa İttifaqının rəhbərliyinə qəti şəkildə göstərdi ki, ərazi bütövlüyü bizim üçün əsas məsələdir və o müddəanın bütün sənədlərdə yer almasının tərəfdarıdır”.

Tofiq Zülfüqarov Azərbaycanla Aİ arasında imzalanacaq sazişin mühüm iqtisadi aspektini də dəyərləndirib:
“Azərbaycan “Şərq tərəfdaşlığı” proqramının qalan iştirakçılarından fərqli olaraq, Ümumdünya Ticarət Təşkilatının (ÜTT) üzvü deyil. Bu isə o deməkdir ki, Azərbaycan öz daxili bazarını qorumaq imkanındadır.

Avropa İttifaqı “Şərq tərəfdaşlığı” ölkələrinin bazarlarına giriş imkanı əldə etməkdə maraqlıdır. Bu halda Azərbaycan üçün öz daxili bazarını, xüsusilə kənd təsərrüfatı məhsulları bazarını qorumaq, xarici məhsullarla müqayisədə öz məhsullarının rəqabət qabiliyyətini artırmaq çox vacibdir.

Ümumilikdə isə başa düşmək lazımdır ki, Azərbaycan Avropa İttifaqı ilə əhalinin bütün təbəqələrinin vəziyyətini əhatə edən çox mürəkkəb danışıqlar aparır”.

www.yenicag.az

2428